“ADDIM Gənclər Təşkilatı” Milli Bayraq günü ilə bağlı növbəti maraqlı layihəyə imza atıb. Belə ki, “ADDIM”ın təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Walpaperlər (elektron divar kağızları) müsabiqəsi gerçəkləşib.
Layihə ilə bağlı Oxu.Az-a “ADDIM Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə bunları söyləyib:
“Biz fəaliyyətimiz dövründə saysız, bundan da böyük, regional, beynəlxalq və s. layihələr etmişik. Amma bu layihəni mən xüsusi əhəmiyyətli sayıram. Çünki istənilən dövlət bayramlarında insanların internetdə əldə etdikləri bayraq fotolarının sayı barmaqla sayılacaq qədər idi. İndiki elektronika tərəqqisi dövründə isə bu, çox vacibdir. Bizə təqdim olunan 100-ə yaxın işdən ən yaxşı 22-sini müsabiqəyə daxil edib yayımladıq və indi istifadəçilərin 22 yeni walpaper-i var. Bu, bizim üçün əhəmiyyətlidir”.
Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi bu gün - 8 noyabr saat 17:00-da “ADDIM”ın Park Bulvar AVM-də keçirəcəyi bayram konsertində baş tutacaqdır. Konsertdə xalq artisti Nisə Qasımova, əməkdar artistlər Məryam Süleymanova, Elza Seyidcahan, “Eurovision” təmsilçimiz Dilarə Kazımova, müğənnilər İlhamə Qasımova, Mirkamil Kamilov, Elçin Cəfərov, Ayan, Seyran Babayev çıxış edəcəklər.
Tədbirdə gənclərin və ulduzların iştirakı ilə sürpriz aksiyalar nəzərdə tutulub.
Aytən Sadıqzadə