Müğənni Əli Mirəliyev şou-biznesə yeni qoşulan gənc müğənnilərin gündəmdə qalmaq üçün apardıqları qeyri-etik reklamlara münasibət bildirib.
Oxu.Az azxeber.com-a istinadən xəbər verir ki, o, bu cür insanların Azərbaycan musiqisini məhv edəcəklərini bildirib:
“Demək olar ki, Azərbaycan musiqisi bərbad vəziyyətə düşüb. Hər gün yeni çıxan müğənnilər var ki, qeyri-mədəni vasitələrlə gündəmdə qalmağa çalışırlar. Biri şalvarını soyunur, biri “yupkasını” çıxardır. Mən də bunları deyəndə məni qınayırlar ki, sən qarışma. Amma mən istəmirəm ki, bizim tarixi olan musiqimizi sənətdən başı çıxmayanlar bərbad vəziyyətə salsın.
Bir vaxtlar yadınızdadırsa, mən Üzeyir təzə çıxanda onu tənqid edirdim. Sonra bir-iki qaqaşlar mənə başladılar ki, bəs Üzeyirlə işin olmasın. Biz onu dinləyirik. Televiziyadakı aparıcılar da əlavə şərh verərkən deyirdilər ki, Üzeyirin səsi olmasa da onun mahnılarına bir milyondan çox insan qulaq asır. Amma mən deyirdim ki, bir milyon insanı heç bir musiqisi olmayan mahnılara qulaq asdırmaq, xalqın musiqi zövqünü məhv etmək deməkdir. İndi Üzeyir kimi oxuyan nə qədər müğənni çıxıb”.
Ə.Mirəliyev bu yaxınlarda özünü azərbaycanlı iş adamı AST Telmana təklif edən gənc müğənni Həmid Sultanın addımına da münasibət bildirib. O, bir vaxtlar bu müğənnini atasına cavab qaytardığı üçün döydüyünü etiraf edib:
“Bu adam özünü gündəmdə saxlamaq üçün bu cür iyrənc vasitələrdən istifadə edir. Yadımdadır ki, bir dəfə o mənim yanımda atasına cavab qaytardı və mən ona bir sillə vurdum. Görünür, o hələ də özünü tapa bilməyib. Ona görə də belə iyrənc işlərə əl atır. Görünür, biz hələ belə şeyləri çox görəcəyik”.