Azərbaycanın əməkdar artisti Elza Seyidcahan kürəkəni ilə bağlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki,müğənni onu mətbuat sahəsində tanıdığını vurğulayıb:
“Kürəkənim mətbuat işçisidir, fotomüxbirdir. Biz onu elə bu sahədə tanımışıq”.
“Əksər insanlar tanınan simalarla qohum olmağa can atır, kürəkən seçiminiz çətin olmadı ki?” sualına müğənni belə cavab verib:
“Qızımı 16 yaşından bəri istəyənlər çox olurdu. Onlar arasında həm qohum, həm də yad olan insanlar var idi. Amma mən qızımı ailə qurmağa məcbur edə bilməzdim. Çünki 16 yaşı var idi. Özü də elçilərinə könül vermirdi. Əvvəlcə nişanlısına da “hə” cavabı verməyə tərəddüd edirdi. Amma mən Türkiyə səfərindən qayıtdıqdan sonra gördüm ki, artıq oğlan qızımın könlünü alıb”.
Əməkdar artist yaradıcılığındakı yeniliklərindən də bəhs etdi:
“Yeni mahnılarım var. Bunlardan biri Fərahim Sadıqovun sözlərinə bəstələnən “Yalan” adlı mahnımdır. C. Qurbanovdan “Paralandım”, Mələk Xəlildən “Üşüyorum” adlı bəstələrim də var. “Türkiyə himni”adlı bəstəm də var ki, sözləri Savalana məxsusdur. Bunu türklər bəyəndikləri üçün ona Türkiyədə klip çəkdirməyi təklif ediblər.
Eyni zamanda Leyla Əliyevanın “İnsanlar” adlı şeirinə həm rus, həm də Azərbaycan dilində iki fərqli mahnı bəstələmişəm. Həmin şeiri əvvəlcə rus dilində dinləmişdim və məni çox təsirləndirmişdi. Təhsilimi Azərbaycan bölməsi üzrə bitirməyimə baxmayaraq o şeirə musiqi bəstələdim. Daha sonra şeirin Azərbaycan versiyasını oxudum və ona da musiqi bəstələdim. Sonra fərqinə vardım ki, eyni şeirə hər iki dildə, fərqli musiqi bəstələmişəm. Hazırda aranjiman etdirirəm.
Mən Leyla Əliyevanın şerinə, ürəyinə daxili aləminə heyran olmuşam. Bizim musiqi duyumumuz, yazı tərzimiz bir-birinə çox bənzəyir. Onun bir şeirində 6-7 mövzu var. Şeir qeyri-adi olduğu kimi musiqisi də qeyri-adidir”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az