Oxu.Az əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlünün Qafqazinfo-ya müsahibəsini ixtisarla təqdim edir:
- Özünüzü nədəsə cəzalandırmısız?
- Çox sadə olmuşam, insanları tanımamışam. Özümü buna görə cəzalandırmışam. Artıq bəzi xasiyyətlərimi dəyişmək məcburiyyətindəyəm. Hər iki valideynimi 5-6 ay ərzində itirdim. Hərdən düşünürəm ki, kaş onlar üçün daha çox şeylər edərdim. Amma qohumlarımız buna görə məni qınayıb deyirlər ki, sən nə lazımdısa onlar üçün etmişdin. Bəzi mahnılarım vardı ki, anam onları çox sevirdi. Lakin mən lentə yazdıra bilmədim. Efirlərdə ruh yüksəkliyi ilə hərəkətli ifamı görənlər bəlkə də düşünürlər ki, qəm-kədərin nə olduğunu bilmirəm. Əslində çox kövrək insanam. Gözlərimin yaşı ovcumun içindədir.
- Sizə ən böyük ərmağan nə olardı?
- Övladlarımı xoşbəxt, sağlam görmək. Maşına əyləşərkən heç vaxt radioya qulaq asmıram. Dualar edirəm. Tanrı bütün övladları xoşbəxt eləsin. Mənim də balalarım onların içində. Anam dünyasını dəyişəndə ağlıma belə gətirməzdim ki, onu öz əllərimlə yuyacağam. Hönkürə-hönkürə anama baxırdım. Düşündüm ki, fani dünya, heç kim özüylə gedəndə heç nə aparmır. Anam da nələr qoyub getdi. Hamımızın son məkanı var. Amma insanlar bunu başa düşmür. Bir-birinin arxasınca çəkinmədən qeybət, qarğışlar edirlər. Tanrı hər şeyin mükafatını da, cəzasını da verir. Həyatda üç şeyə nifrət edirəm. Oğurluğa, yalançılığa, xəbərçiliyə. Belə insanları bağışlaya bilmərəm. Məndən toya dəvət üçün hansısa sənətçinin nömrəsini istəyəndə bilməsəm də, haradan olursa, olsun tapıb verirəm. Amma elə insanlar görürəm ki, bilsələr də, bunu etmirlər.