Azərbaycanlı iş adamı Emin Ağalarov Moskvada bu il keçiriləcək “Kainat gözəli” müsabiqəsi ilə bağlı Woman.ru portalının suallarını cavablandırıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağalarov Rusiyanı bu yarışmada təmsil edəcək gözəllə bağlı düşüncələrini bölüşüb.
Emin dünyanın ən gözəl qızları harada yaşayır sualını cavablandıraraq deyib ki, ən gözəl qızlar Rusiyada yaşayır:
“Qadını gözəl edən, xarici və daxili gözəlliyin vəhdəti, ünsiyyət manerası, tərbiyəsi, daşıdığı enerji. Qız çox gözəl ola bilər zahirən, lakin iki saniyə ünsiyyət saxladıqdan sonra çirkin qadına çevrilir. Əksinə də ola bilər”.
Müğənni öz kumirləri barədə də danışıb və vurğulayıb ki, onun musiqidə kumiri Müslim Maqomayevdir, həyatda isə o, kumir kimi atasına baxır:
“Atam insanlarla ünsiyyət, həmçinin inadkar, qətiyyət kimi şəxsi keyfiyyətlər məsələsində mənim üçün etalondur. O elə bir insandır ki, məni heç vaxt məyus etməyib”.