Xəbər verdiyimiz kimi, Emin “World Music Awards 2014” çərçivəsində Monte-Karloda çıxış edib və “Ən yaxşı ifaçı” (Best Selling Artist) adını alıb. Emin Azərbaycandan “World Music Awards” mükafatını alan ilk müğənnidir.
Oxu.Az xəbər verir ki, müğənni bu gün media nümayəndələri ilə görüşüb.
Monte-Karlonun məşhur idman klubunun (Sporting Club of Monte Carlo) səhnəsindən Emin mükafatı dostu və müəllimi Müslüm Maqomayevə həsr etdiyini söyləyib:
“Mən ölkəmdən bu mükafatı alan ilk artist olduğum, məndən başqa bu mükafatı alan dünya şöhrətli ulduzlarla bərabər bu şouda iştirak etdiyim üçün xoşbəxtəm. Bu, əslində, həm Azərbaycanın, həm də Rusiyanın uğurudur. Mən bu mükafatı vurğunu olduğum Müslüm Maqomayevə həsr edirəm”, - deyə Emin şərh edib.
O qeyd edib ki, onu ilk təbrik edən Qriqori Leps olub.
Mükafat çərçivəsində Eminlə yanaşı dünya miqyaslı ulduzlar – Maraya Keri (Mariah Carey), Mayli Sayrus (Miley Cyrus), Riki Martin (Ricky Martin), Florida (Flo-Rida), eləcə də həmin gün “Best Selling Russian Artists” mükafatını alan Rusiya ifaçıları Qriqori Leps və Timati də çıxış ediblər.
Emin WMA-2014 çərçivəsində “AMOR” trekini ifa edib. Meray Keri son on ildə musiqi sahəsində nailiyyətlərinə görə “İcon Award” mükafatına layiq görülüb.
Müğənni 21 iyunda “Sea Breeze”də Craig David ilə birgə konsert verəcək. 17 iyulda isə müğənninin Yaşıl Teatrda solo konserti olacaq.
İyul ayında Emin Avropaya qayıdaraq Almaniya və eləcə də 3 iyul tarixində keçiriləcək “Miss Austria”, müsahibəsi də daxil olmaqla Avstriyada çıxış edəcək.
Qeyd edək ki, “World Music Awards” 70-dən çox ölkədə, ABŞ-da praym-time “NBC” kanalında, Böyük Britaniyada isə “4’s Music TV” musiqili kanalında nümayiş etdirilir.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az