Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) idarə heyətinin üzvü, müğənni və gitaraçı Emin Səmədli bu ölkədə keçirilən məşhur “Qolos kraini” (“Ölkənin səsi”) vokal şousunda iştirak edir.
Oxu.Az-ın məlumatına görə, dinləmələrin seçim turunda Emin Svyatoslav Vakarçukun populyar “Okean Elzı” qrupunun repertuarından “Obnimi” mahnısını ifa edib. O, gitarada öz ifasını müşayiət edib.
Münsiflər heyətindəki dörd nəfər ulduz məşqçidən (Tina Karol, Svyatoslav Vakarçuk, Potap və Aleksandr Ponomaryov) üçü bizim bu istedadlı həmvətənimizi öz komandasına cəlb etmək istəyi əlaməti olaraq kreslolarını ona tərəf çeviriblər.
İxtisasca plastik cərrah və fitri istedadlı artist olan 24 yaşlı Emin Səmədli musiqi sahəsində müəllimi kimi Svyatoslav Vakarçuku seçib. Emin Şouda iştirakını davam etdirir.