Xalq artisti Faiq Ağayev bəstəkar-müğənni Rəhim Rəhimlinin onun haqqında səsləndirdiyi fikirləri cavabsız qoymayıb.
Oxu.Az xəbər verir ki, F.A. bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Atalar yaxşı deyib: “Avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa. Rəhimin dediklərinin bu hala düşməsinə səbəb istinad etdiyi fikirlərimi özgə dilindən eşitməsidir.
“Zamanım deyil” deyəndə abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanları nəzərdə tutmuşdum.
Bəli, belələri arasında yerim olmayıb, yoxdur və inşaAllah ki, heç vaxt olmayacaq.
O ki qaldı sənətə, elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam bu məmləkətdə.
Rəqabətə də can atmıram, o da düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya yaxınımda duran belə birisi yoxdur hələ ki.
Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyində olanlara səmimi yazığım gəlir.
Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, xalq arasında fikrini də ciddiyə alan yoxdur.
Yeni mahnının reklam üslubunu səhv seçmisən, Rəhim.
Hədəfin azsaylı dedi-qoducuların müəmmalı “ləzzəti” deyil, doqquz milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiyalara, sözlərə istəyi və rəğbəti olmalıdır.
Belə də ki, ayıqbaş, yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən.
Uğurlar sənə, gənc dostum!”.