Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, türkiyəli aktyor Tolqa Kareldən boşanması barədə xəbərlər yayılıb.
Oxu.Az Türkiyənin sacitaslan.com saytına istinadən xəbər verir ki, cütlük artıq boşanmaq üçün məhkəməyə müraciət edib.
Günay Musayeva ərindən “Beynəlxalq Sevgililər Günü”ndə, fevralın 14-də keçiriləcək məhkəmə prosesi ilə ayrılacaq. Cütlük belə razılaşıb ki, boşanma ilə bağlı məhkəmə uzanmayacaq və elə ilk prosesdəcə evliliklərinə son qoyacaqlar.
Bu barədə Axşam.az-a açıqlama verən Günay yayılan xəbərləri təkzib edib:
“Hazırda işlərimlə bağlı xaricdəyəm. Xəbəri bu gün səhər oxudum. Burada jurnalistlər maraqlı ssenarilər uydururlar. Hətta məhkəmə gününü və məkanını da yazıblar. Artıq bu məsələ ilə bağlı danışmaq istəmirəm. Tolqa xəbərin yalan olduğunu onsuz da açıqlayıb. Hamısı şayiədir”.
Tolqa Karel də Türkiyə mətbuatına açıqlamasında boşanma xəbərlərinin həqiqətə uyğun olmadığını deyib:
“Üç ildir, evliyik. Bu müddət ərzində 30 dəfə bizi boşandırıb-barışdırdılar. Hər boşanma xəbərində isə bir az da ədəbsizlik olur. Bu dəfə dəqiq tarix belə verdilər. Əvvəllər belə xəbərlərə gülürdüm, indi isə onları oxumuram da. Media nümayəndələrindən xahiş edirəm, daha maraqlı xəbərlər yazsınlar. Eyni xəbəri verməkdən yorulmadılar?”
Qeyd edək ki, Günay və Tolqa cütlüyü 2011-ci ildə ailə həyatı qurub və evliliklərindən Cihangir adında bir oğulları var.
Aytən Sadıqzadə
www.oxu.az