Aramızda yaşanan qalmaqaldan sonra Kənanla bir-birimizi görməmişik. Hər şey göz önündə idi. Qınayanlar da kimi nəyə görə qınamaq lazım olduğunu bildilər.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur teleaparıcı İlkin Həsəni deyib.
O, məşhur rejissor və aktyor Kənan Mahmudovla aylar öncə yaşadığı qalmaqaldan söz açsa da, hələ də barışığın olmadığına eyham vurdu:

“Kənanın ildə bir-iki dəfə bu cür çılğınlıq dövrü olur. Üst-üstdə yığılmış problemlərinin nəticəsində qurban dost-tanışları olur. Bu dəfə isə Kənanın “qarmağı”na mən İlkin Həsəni keçdim (gülür). Bir neçə ay bundan öncə qızımla birgə çəkilmiş fotonu “Instagram” hesabında paylaşdım. Kənan isə həmin şəkilə “Allah saxlasın” rəyini yazdı. Mən də cavab olaraq “Çox sağ ol” yazdım.
İntim videosuna görə aktyor-aparıcı Ülvi Həsənlinin rəhbərlik tərəfindən ARB TV-dəki işindən uzaqlaşdırılması xəbərinə İ.Həsəni bu cür reaksiya verdi:

“Bürokratik yanaşma və əngəllər hələ də kanallarımızda mövcuddur. Düşünürəm ki, Ülvi işdən qovulmamalı idi. Bu, onun şəxsi işidir, həyatıdır. Kiminlə nə edibsə, nə çəkibsə, nə paylaşıbsa, özü bilər. Ülvi şəxsi həyatına görə işdən qovulmamalıdır”.
O, redaksiyamızın əməkdaşı ilə söhbətində televiziyaların inkişafından danışsa da, hələ də “olmaz”ların kifayət qədər çox olduğunu bildirdi:
“Televiziyada olan dəyişiklikləri çoxdan gözləyirdik. Hər dəfə müsahibələrimdə bildirmişəm ki, nə vaxta kimi bizim televiziyalarımızda “o olmaz, bu olmaz”lar olacaqsa, verilişlərə baxılmayacaq. Çünki senzuramız rəsmi olmasa da, müəyyən qaydada senzuramız var ki, “bu mövzu məsləhət deyil, toxunmayın”.
Qonşu Türkiyə və Rusiya kanalları açanda isə biz vəziyyətin tamamilə başqa olduğunun şahidi oluruq. İstənilən nazir, deputat haqqında danışıb, tənqidlərini edirlər. Bizdə isə bu baryerləri “İctimai” televiziya darmadağın etdi.
Ümid edək ki, digər kanallarımızda da bunu görəcəyik. Mənim də belə bir layihəm var idi. Amma “olmaz”lara görə ərsəyə gətirə bilmədim. Nə qədər şou-biznes haqqında danışmaq olar? Ona görə də televiziyadan bir az uzaqlaşdım. İndi daha çox kamera arxasındayam”.
Bədii şura MTRŞ kimi bir şeydir. Sadəcə olaraq adı var, arada nə isə söyləyirlər” deyən İlkin Həsəni fikirlərinə bu cür davam etdi:

“Yəni hər hansı bir ciddi fəaliyyəti yoxdur. Düzdür, bizim televiziyamızda fəaliyyət göstərən Bədii şurada başbilənlərimiz yetərincədir, amma televiziya hər gün inkişaf edir, eynən əlimizdə istifadə etdiyimiz telefonlar kimi. On il bundan əvvəl baxmaq istədiyin şey artıq səni maraqlandırmır. Ona görə də Bədii şura cavan, kreativ beyinlərdən ibarət olmalıdır”.
Ötən illərdən fərqli olaraq, bu il heç bir film ərsəyə gətirməyən Həsəni və onun komandası, hər şeyi maliyyəyə bağlayıb bu istiqamətdə problemlərlə üzləşdiyini dilə gətirdi:
“Bu il heç bir film çəkmədik. Çünki maliyyə problemləri ilə üzləşdik. Biz komediyalarımızı kinoteatrlamıza gətirənlərdən olduq. Amma sonra o qədər çoxaldı ki, o komediyalara baxmayan tamaşaçılar belə, çəkilən komediyaları pisləməyə başladılar.
Bu da, təbii ki, izləyicilərin sayına mənfi təsir göstərdi və onların sayı kifayət qədər azaldı. Ölkəmizin kinoteatrlarında da məntiqsiz davalar oldu. Biletlərin artırılması kimi məqamlar isə, izləyicilərin sayını azaltdı. Filmlərimizə gələn tənqidlər komandamız tərəfindən normal qarşılandı. Tənqid olmayan yerdə inkişaf da yoxdur”.
İlkin Həsəni Yeni ildən sonra izləyicilərinə komandası ilə bərabər maraqlı bir layihə təqdim edəcəyinin anonsunu verdi:
“İşlərimizdə müəyyən çətinliklər və problemlər var. Onu bildirməməyə çalışıb, işlərimizi davam edirik. Yeni ildən sonra, yəni yanvar ayından bir “Youtube” layihəmiz var. Hazırda onun üzərində çalışırıq. Layihə “gündəlik xəbərlərlə bağlıdır, baş verən hadisələrlə əlaqədardır, bir neçə insanın fikri ilə fərqli bir yanaşma olacaq”.


Rəşad Əliyev