Bu çətin günlərdə məşhurlar arasında ehtiyacı olanlara yardım edənlər də var, etməyənlər də. Şou əhli arasında da aztəminatlı ailələrə yardım edənlər az olmadı. Sosial şəbəkələrdə müğənnilər buna görə tənqid və təhqirlərə məruz qalırlar.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Müğənni İzzət Bağırov bu məsələlərlə bağlı fikirlərini bölüşüb:
“50-60 müğənni saya bilərəm ki, onlar ən azı 100-150 ailəyə yardım elədilər. Bunları paylaşanda yazırlar ki, camaatın gözünə soxursan, sağ əlin verdiyini sol əl bilməməlidir. Nalayiq sözlər yazırlar. Paylaşmayanda da yazırlar ki, filankəs eləmir, yalandan deyir ki, edirəm”.
Sosioloq Nail Cəlilin sözlərinə görə, yardımlaşmaq məsələsi könüllülük prinsipi əsasında həyata keçirilməlidir:
“Bəzi müğənnilər var ki, yardım göstərirlər, amma adlarının çəkilməsini istəmirlər. Bəzən elə adamlar tənqid və ya təhqir olunur ki, o insanlar bəlkə də çox adama yardım ediblər, sadəcə, bunu büruzə vermək istəməyiblər”.
İnsanların fikrincə, müğənnilər şan-şöhrətlərini, var-dövlətlərini xalqın hesabına əldə ediblər və bu çətin günlərdə xalqın yanında olmalıdırlar. Sosial şəbəkələrdə bir vaxtlar toylardan qazandıqlarını xalqa yardım üçün sərf etmək şou əhlindən tələb olunur. Onların belə bir borcu varmı?
“Bu gün kimsənin kimsəyə borcu yoxdur. İnsanlıq borcu ola bilər. Məsələn, sən bu gün çətin vəziyyətdəsən, mənim isə vəziyyətim yaxşıdır. Niyə kömək etməyim ki? Bəs içimizdəki insanlıq? Əgər varımdırsa, onu kiminləsə paylaşmaq lazımdır”, - müğənni İzzət Bağırov belə hesab edir.
Müğənnilər arasında yardım edib, lakin bunu ictimailəşdirmədiklərini deyənlər də var. Onların sözlərinə görə, bunu etik saymadıqları üçün sosial şəbəkələrdə paylaşmırlar ki, nəticədə də yardım etmədiklərini düşünüb onları tənqid edirlər.