İtalyan rejissor Federiko Fellininin 12 il boyunca yaşadığı evi satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, Fellininin 1956-1968-ci illər arasında həyat yoldaşı Giulietta Masina ilə birlikdə yaşadığı minlərlə kitab və rejissorun həyatını əks etdirən şəkillərlə dolu evin satış qiyməti 4,6 milyon dollardır.
Federico Fellininin məşhur filmi “La Dolce Vita”nı çəkərkən də yaşadığı bu ev Romanın ən məşhur səmtlərindən biri olan Parioli-dəki Via Archimede-də yerləşir.
280 kvadrat metrlik evin 6 qonaq otağı, üç yataq otağı, 3 vanna otağı var.
Federico Fellininin evi 13 maydan etibarən əmlak saytlarındakı satılıq lüks evlər hissəsində yer alıb.
Kino tarixinə bir çox unudulmaz film təqdim edən Federico Fellini “La Strada”, “Cabaria gecələri” və “8 yarım” kimi filmlərini də bu evdə yaşayarkən çəkmişdi.
Federico Fellini 1993-ci ildə 73 yaşında infarkt nəticəsində vəfat edib. Onun həyat yoldaşı Giulietta Masina da rejissordan bir il sonra həyata gözlərini yumub.
Aytən Sadıqzadə
www.oxu.az