Gənc müğənni Afaq Aslan mart ayının son günlərində Almaniyanın Hannover şəhərində və Niderland Krallığında həmyerlilərimiz üçün təşkil olunacaq konsert proqramından imtina edib.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, buna, müğənninin anasının səhhətində yaranmış nasazlığı səbəb olub. Müğənni açıqlamasında çətin günlər yaşadığını dilə gətirib:
“Anam ürəyindən əməliyyat olunur. Həkimlər deyir ki, vəziyyəti qənaətbəxş deyil. Ürəyində bir neçə damar tutulub. Bu gün açıq ürək əməliyyatına girəcək. Məhz bu səbəbə görə heç bir konsert haqda düşünə bilməzdim”.
Müğənni həmçinin anasının səhhəti barədə danışmağa məcbur olduğu üçün açıqlama verdiyini deyib:
“Əslində mən istəməzdim oxuculara bu cür xəbər çatdırım. Amma bilirəm ki, bəzi adamlar konsertdə çıxış etməməyimə başqa səbəblər göstərəcəklər. Mən də tam aydınlıq gətirmək üçün ailəmdə baş verənləri mətbuata çıxartmalı oldum. O konsertdə çıxış etməməyimin yeganə səbəbi anamdır. Onu qoyub gedə bilməzdim. Bir an belə yanından ayrılmaq istəmirəm”.
Anasına çox bağlı olduğunu deyən Afaq Aslan hər kəsdən xahiş edib ki, həyatının çətin dönəmində başqa söhbətlər danışmasınlar.