Amerikanın Bernsvill şəhərində (Minnesot ştatında) “Miss Minnesota USA” gözəllik müsabiqəsində hicab və burkini geyinmiş qız iştirak edib.
Oxu.Az bu barədə “Mashable” saytına istinadən xəbər verir.

Müsabiqənin 19 yaşlı iştirakçısı Həlimə Aden Somali və Keniyanın sərhədində yerləşən qaçqınlar düşərgəsində anadan olub. O, kiçik yaşlarında olarkən ailəsi ilə ABŞ-a köçüb.
Həlimə səhnəyə “Miss Minnesota USA” müsabiqəsinin digər iştirakçıları kimi çimərlik geyimində deyil, bədənini tamam örtən burkinidə çıxıb. Başında hicab olub. Zalda olan tamaşaçılar qızı alqışlarla qarşılayıblar.

“Dünyaya kim olduğumu göstərmək üçün bu, gözəl platformadır, - Aden “Minnesota Public Radio” radiostansiyasının efirində bildirib.
“Gözəllik müsabiqələrində indiyə qədər burkinidə çıxış edən qadının olmaması mənim birinci ola biləcəyimin qarşısını almır”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqust ayında Fransanın sahillərində bir neçə şəhərdə çimərlikdə burkinidə istirahət etməyə qadağa qoyulub. Daha sonra Fransanın Dövlət Şurası bu qanunu insan haqlarının pozulması kimi qəbul edib.
A.S.
www.oxu.az