“Mən hələ şou-biznesin içində deyiləm. Əgər “şou-biznes” sözü öz haqqını verəcəksə, o zaman daxil olmaq istəyərəm. Bizim şou-biznesimizdə kasadlıq var. Şou-biznes mənə görə qalmaqal demək deyil, əvvəl vəziyyət daha bərbad idi. Şou-biznes şəxsi həyat və məişət söhbətləri ilə yox, musiqi və şoularla bağlı olsa, yaxşı olar. Artistlər də bir az düşünməlidir ki, izləyiciyə nə göstəririk?”
Bu sözləri “Avroviziya-2022” mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli Oxu.Az-a müsahibəsi zamanı deyib.
İtaliyanın Turin şəhərində keçirilən müsabiqədə “Fade To Black” ifası ilə 16-cı yeri tutan Nadir şəxsi həyatı və karyerası ilə bağlı maraqlı etiraflar edərək izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.
Oxu.Az Nadir Rüstəmli ilə müsahibəni təqdim edir:
- “Avroviziya” müsabiqəsindən sonra, yəqin ki, böyük layihələrə dəvət aldınız. Təklifləri necə dəyərləndirirdiniz? Məbləğinə görə, ya digər əsaslara?
- Təkcə məbləğə baxılmır. Xaricdən film təklifi oldu, çox yaxşı qonorar verirdi. Buna baxmayaraq, razı olmadım, çünki başqa nüanslar da önəmlidir. Təkcə pula yox, məğzə, layihənin nə dərəcədə uğurlu ola biləcəyinə baxıram. O layihənin mənə, mənim də o layihəyə necə yaraşacağıma baxıram. Bir layihə xaricdən təklif olunursa, birinci növbədə mən ölkəmi düşünürəm ki, orada Azərbaycanı təmsil edirəm.
- Çoxları sizin birinci olacağınızı təxmin etmişdi, bəs siz özünüz necə gözləyirdiniz? Gözlədiyiniz kimi oldu, ya necə?
- Performans baxımından mən gözlədiyimi etdim. Digər istəyim o idi ki, mən performansımı bitirdikdən sonra izləyicilər desin ki, “Nadir əlindən gələni etdi və o bizim gözümüzdə birincidir”, elə də oldu. İlk üçlükdə olacağımı düşünürdüm, amma qalibiyyət barədə fikirləşmirdim. Çünki, Ukrayna faktoru var idi ki, dəstək üçün Ukraynanı qalib edəcəklərini bilirdim. Ukraynanın qalibiyyəti ilə razıyam, özüm də onlara dəstək verirəm. İnsanlar mənim qalibiyyətimə çox inanırdı, hətta mən Turində olanda məşqlər zamanı bir çox xarici ölkənin nümayəndələri, dinləyicilər “Nadir qalib olacaq” deyə bəhsə girmişdilər. Çox adam inanırdı, gözləyirdilər qalibiyyəti. Həyat sürprizlərlə doludur.
- “Avroviziya” sayəsində nəinki ölkəmizdə, ölkədən kənarda da tanındınız, məşhurlaşdınız. Məşhurluğun müsbət və mənfi tərəfləri olur, Nadir Rüstəmli üçün əsas üstünlüyü və çətinliyi nələrdir?
- Bəzi adamlar var ki, məşhur olmağı istəmirlər. Bunlar özünə qapanan, ya da məşhurlaşandan sonra onları nələrin gözlədiyini düşünən insanlardır. Sevilərək məşhur olmaq mənim uşaqlıq arzum olub. Səni hamı tanıyır, sənə inanırlar, müəyyən bir qrup səni izləyir, sən onların təmsilçisi olursan. Gəlib şəkil çəkdirib xoş sözlər söyləməkləri müsbətdir. Mənfi tərəfi odur ki, paylaşımlarında çox diqqətli olmalısan. Hər hansı kiçik səhvin səni qloballaşdıra və aşağı sala bilər, hamı səni qınaq obyektinə çevirə bilər. Amma yenə də xoşdur ki, mən uşaqlıq arzumu yaşayıram.
- O məşhurluğu ilk nə zaman, hansı hadisə ilə hiss etdiniz?
- Bu sualı nəhayət ki, mənə verdilər (gülür). Uşaqlıqda öz-özümə deyirdim ki, “nə vaxtsa məşhur olsam, mənə bu sualı versələr, belə-belə cavab verəcəm”. “Səs Azərbaycan”ın qalibi olduqdan sonra başa düşmüşdüm məşhur olduğumu. Bir dəfə maşın sürəndə polis məni saxladı, reyd keçirirdi, heç bir səhvim yox idi. Saxladı, məni gördü və dedi “Nadir Rüstəmli, buyurun keçə bilərsiniz”. Onda başa düşdüm ki, deyəsən, artıq məşhuram. Bir dəfə də marketdə eynək və tibbi maska taxmağıma baxmayaraq, insanlar məni tanıyanda anladım ki, məşhuram.
- Bundan sonrakı planlar nədir? Hazırda nəyin üzərində çalışırsınız?
- Hazırda yay üçün mahnı üzərində çalışırıq. Biri artıq hazırdır, ikinci mahnı və gələn təklifləri dəyərləndirib-dəyərləndirməmək üzərində çalışırıq. Planlarım arasında “Grammy” mükafatı da var. Canlı yayımlarda izləyicilərim hər dəfə “Avroviziya”ya yenidən qatılmağımı istədiklərini yazırlar. Mən demişdim ki, “İstəmirəm, iki il ard-arda getmək nə dərəcədə düzgündür?” Bunu düşünürdüm. İzləyicilərimin böyük əksəriyyəti bunu istəyir, hətta aksiya keçirib, heşteqlər hazırlayıblar ki, 2023-cü ildə yenidən Nadir getsin. Mən onların bu cür istəyi qarşısında “Getmirəm” deyə bilmərəm. Əgər istəyirlərsə, dəvət etsələr, yenidən gedəcəyəm.
- “Avroviziya” çıxışınız öncəsi imicinizi dəyişib, saçlarınızı kəsdirməyiniz də diqqət çəkmişdi. Bu, öz qərarınız idi?
- Bu, bizim səhnə direktorumuzun təklifi, qərar isə mənim idi. Sonda məndən soruşdular ki, “Nadir bunu etmək istəyirsən?” Dedim ki, “istəyirəm”, çünki risk etməyi sevirəm. Çox adamda dəyişiklik qorxusu var, mən dəyişməkdən qorxmadım, dedim ki, kəsək. Peşman deyiləm, fərqlilik oldu. İlkə imza atmaq demişkən, mən görmüşəm ki, bir artistin fan-səhifəsi olar, ancaq artistin prodüserinin fan-səhifəsi olmasını görməmişəm. Biz bunda da bir ilkə imza atdıq, prodüserimin də fan-səhifəsi var.
- Azərbaycan şou-biznesində baş verənləri izləyirsiniz?
- Elə bayaq verilişdə qonaq idik, orada şou-biznes haqqında bəzi suallar oldu. Digər qonaqlar rahat cavablar verirdilər. Mən gördüm ki, heç nəyə cavab verə bilmirəm. Bu, onu göstərir ki, şou-biznesi tam olaraq dərindən izləyə bilmirəm. Ən əsası, mən hələ şou-biznesin içində deyiləm. Əgər “şou-biznes” sözü öz haqqını verəcəksə, o zaman daxil olmaq istəyərəm. Bizim şou-biznesimizdə kasadlıq var. Bu elə bir şeydir ki, istəmədiyin anda da daxil ola bilirsən, bir də görürsən ki, şou-biznesin ortasındasan. Amma söhbət mənim istəyimdən gedirsə, daxil olsam belə, sırf öz işimlə məşğul olaram, necə ki, indi məşğulam. Heç kimin quyusuna daş atmaram. Kimsə mənim quyuma daş atmağa çalışsa da, sadəcə onu başa düşməyə və yaxud başa salmağa çalışaram. Şou-biznes mənə görə qalmaqal demək deyil. Əvvəl vəziyyət daha bərbad idi, indi bir az daha sakitlikdir şou-biznesdə. Şou-biznes şəxsi həyat və məişət söhbətləri ilə yox, musiqi və şoularla bağlı olsa, yaxşı olar. Artistlər də bir az düşünməlidir ki, izləyiciyə nə göstəririk?
- Gələcəkdə iştirak etmək istədiyiniz hansısa beynəlxalq musiqi və ya vokal yarışları varmı?
- Mənim fikrimcə, “Avroviziya” ən böyük beynəlxalq musiqi layihəsidir. Düşünürəm ki, artıq “Avroviziya” təmsilçisi olmuşamsa, ondan böyük nə ola bilər? Ondan böyük yenə də “Avroviziya”nın özü ola bilər. Ona görə də ikinci dəfə “Avroviziya”da ölkəni təmsil etmək barədə düşünürəm. Yarışma xarakterli hər hansı layihədə isə münsif olaraq iştirak etmək istəyirəm. “Səs Uşaqlar”da münsif olmaq da istəklərim arasındadır. Hələ ki, bu haqda təklif yoxdur.
- Bir çox “Avroviziya” təmsilçiləri karyerasını xaricdə davam etdirir. Siz bu barədə düşünürsünüz?
- Xaricdə davam etdirmək deməzdim, xaricdə də görünmək deyərdim. Elə təklif ola bilər ki, gedib orada da görünüb, iştirak edərəm, bəlkə böyük uğur da qazanaram. Amma nəticə olaraq ölkəmizə qayıdaram. Köçüb xaricdə yaşamaq istəmərəm.
- Düzdür, şəxsi həyat toxunulmazdır, ancaq Nadir Rüstəmlinin şəxsi həyatı da sevənlərinə maraqlıdır, hazırda həyatınızda sevgi münasibəti yaşadığınız biri var?
- Tutaq ki, mənim həyatımda biri var. Əgər mənim dinləyicilərimə görə həyatımda birinin olub-olmaması nəyisə dəyişəcəksə, deməli o dinləyici mənim dinləyicim deyil. Mənim həyatımda biri yoxdursa, bu zaman məni izləyirsə, yenə də mənim dinləyicim deyil. İzləyicilərim elə mənim həyatımda olan şəxslərdir. Dinləyicim mənim, mən də dinləyicimin sevəniyəm. Tutaq ki, var, ya da yoxdur. Nəyə görə bunu bilsinlər? Sənətimə görə mənə dəyər versinlər.
- Malta təmsilçisi Emma Muskat ilə aranızda eşq yaşamağınız barədə iddialar var idi. Hətta Murad Arif “Maltadan Salyana gəlin gəlir” deyə paylaşım etmişdi…
- Bayaq sevgi barədə soruşdunuz, əslində etiraf etmək istəyirəm ki, bəli, Emma ilə eşq yaşamışıq. Bu yaxınlarda xeyir iş üçün Bakıya gələcək. Hətta onu özüm qarşılayacağam (gülür). Bu kimi suallar hədsiz verilir və doğurdan yorur adamı. Emma Muskat başıma bəla oldu (gülür). Murad Arif bir paylaşım etdi, sonra hara gedirəmsə, bu suallarla qarşılaşıram (gülür). Emma ilə aramızda heç nə olmayıb, hətta dost da olmamışıq, sadəcə tanış olmuşuq. Məndən müsahibə götürdü və kiçik bir hədiyyə verdi. Murad Arif də şoumen olaraq bunu dərhal dəyərləndirdi. Yox, yox, elə şey yoxdur.
- Hədiyyədən söz düşmüşkən, indiyə qədər aldığınız ən maraqlı, dəyərli hədiyyə hansı olub?
- İzləyiclərim tərəfindən tez-tez hədiyyələr alıram. Ən maraqlı hədiyyələrdən biri isə at olub. O at mənə bir neçə müddət əvvəl hədiyyə olundu. At minməyi və atları çox sevirəm. Aksesuarları da, həmçinin, çox sevirəm. Həmişə soruşurlar ki, bu üzüklər niyə barmağındadır? Hətta, “Avroviziya”da da barmağımda idi. Mənim üçün dəyərli hədiyyə olduğu üçün barmağımdan çıxarmıram, özümlə gəzdirirəm.
- Deyilənə görə özünüzü kiməsə bənzətməyə çalışırsınız, bu fikirlərə münasibətiniz?
- Yox, əksinə məni kiməsə bənzətməyə çalışanda deyirəm ki, yox, mən Nadir olmaq istəyirəm. “Səs Azərbaycan” layihəsində olduqda çox adam mənə yazırdı ki, “ikinci Elnur Hüseynov gəlir”, səs olaraq çox oxşadırdılar bizi. Mənə xoşdur, Elnur Hüseynovu bir müğənni olaraq çox sevirəm. Amma mənə daha xoş olar ki, mən Nadir Rüstəmli olaraq qalım. Bənzədin, ancaq mən Nadir Rüstəmli olaraq formalaşmaq istəyirəm.
- Ermənistan təmsilçisinin çıxışını bəyəndiyinizi demişdiniz, birmənalı qarşılanmadı…
- Bəli, bir neçə mənada qarşılanmışdı. Bilmirəm niyə? Mən demədim ki, “Ermənistanın apardığı siyasi yürüşləri çox bəyənirəm”. Sadəcə mən bir sənətçi olaraq mahnıya baxdım və belə bir fikir səsləndirdim. Qızın özü haqqında isə ümumiyyətlə heç nə demədim. Mahnı, doğurdan da, yaxşı idi, ifası xoşuma gəldi. Bundan artıq heç nə deməmişəm. Demək istəsəm, deyərəm, amma deməmişəm, deməyəcəyəm də.
- “Avroviziya” mənim xəyalım idi, gerçək oldu” dediniz. Başqa hansı xəyallar, məqsədlər var?
- “Grammy” mükafatını çox istəyirəm, yaxın gələcəkdə də olacağına inanıram. Çünki mən nə vaxtsa, nəyinsə olacağını deyirəmsə, buna nail olmuşam. İndi də deyirəm, “Bir gün Nadir Rüstəmli “Grammy” mükafatını alacaq”.
- Bəs, uğurun sirrini nədə görürsünüz?
- Əzmdə, səbirdə, vaxtda, bir az da istedadda görürəm.
- Sonda oxuculara sözünüz?
- Sadəcə çox sağ olsunlar ki, varlar. Var olmaqla qalmırlar, dəstək olurlar. Ümid edirəm ki, onlara qarşı olan sevgimi hiss edirlər.
View this post on InstagramDilşad Bəhruzqızı
Daha çox şəkil burada: Photostock.az"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər