Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Namiq Mənadan deputatın meyxana ilə bağlı fikirlərinə reaksiya: “Hamıya şamil etmək düzgün deyil…”
Tanınmış meyxanaçı Namiq Məna Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyevin “Azərbaycanda meyxana yolu ilə cinayətkar kultu formalaşdırılır və İranın ideoloji doqmaları cəmiyyətə sırınır” fikirlərinə münasibət bildirib.
N.Məna Pravda.az-a müsahibəsində deyib ki, Sahib Alıyevin fikirlərinə hörmətlə yanaşır.
Meyxanaçı bildirib ki, Sahib Alıyev hansısa fikir söyləyirsə, deməli, fikrini nə iləsə əsaslandırır:
“Meyxana janrının çox qədim kökləri var, IV əsrdən üzü bəri gəlir. Bədahətən şeir sənətidir, bədiyyəçi şairlərdir. Bu gün də söz sənəti kifayət qədər inkişaf edib. Bədahətən şeir söyləmək ənənəsi çox çətindir, ani anda təxəyyülün məhsuludur. Cəmiyyətə çatdırmaq asan deyil. Bu çətinliyin öhdəsindən gənclərimiz yetəri qədər gəlirlər. Sadəcə, müəyyən çatışmazlıqlar var, istiqamətləndirmək, təkliflər, tövsiyələr vermək lazımdır. Bunu illər öncə efir məkanlarında da demişəm: təəssüf ki, deyişmələrdə qeyri-etik ifadələr, yaxud narkotik maddələrin adlarının hallandırılması, digər müəyyən arzuolunmaz, xoşagəlməz hallar var. Narkotik vasitənin adı çəkilirsə, artıq bu, təbliğatıdır. Lakin istedadlı gənclərin ifalarında, şeir, qəzəllərində, musiqiyə yazılan mətnlərdə poetik ifadə tərzini nümunəvi olaraq göstərmək mümkündür”.
Meyxanaçı vurğulayıb ki, bir fikri ümumi janrın bütün daşıyıcılarına şamil etmək olmaz:
“Bu, mənim subyektiv fikrimdir. Meyxana janrının içində vətənpərvərlik, sevgi mövzusunda çıxış edənlər var. Məsələn, mənim yaradıcılığımda vətənpərvərlik, inkişaf, tərəqqi, eyni zamanda sevgi mövzuları da yer alıb.
Amma hər kəsin fikrinə hörmətlə yanaşıram. Söylənilən fikirlər əsaslandırılırsa, müəyyən arqumentlərə söykənirsə, təbii ki, bununla razılaşaram. Mədəniyyət Nazirliyi var. Nazirliyə tövsiyə verə bilərlər ki, nəyi necə etmək lazımdır. Bu, daha çox yerinə düşər. Müəyyən arqumentlərlə bağlı Milli Məclisin Mədəniyyət komitəsi də fikir bildirə bilər. Bizim janrın içində çatışan-çatışmayan cəhətlər var, bu, illərdir mənim də ürəyimi ağrıdır. Sadəcə olaraq, mənim səlahiyyətimdə deyil ki, meyxana janrı haqqında fikir söyləyim, istiqamətləndirim, janrın bütün daşıyıcıları da o istiqamətdə yol alıb getsinlər. Bu, qeyri-mümkündür. Sosial şəbəkələrdə hər kəs nə fikirləşir, nə düşünürsə, yazır. Bəzən təəssüf edirəm, düşünmədən ifalar olur. Bunlar gənclərin əxlaqına, tərbiyəsinə, davranışlarına təsir edir. Bu ifalar əruzda deyilir, əruz dilə yatımlıdır, yaddaşa tez həkk olur. Buna həmişə çox həssas yanaşmaq lazımdır. Çünki hər bir ifaçının özünün yetəri qədər fanat ordusu var. Bu da həssas mövzudur, fanatları ifaçını adicə saç düzümündən tutmuş, sürücülük mədəniyyətinə qədər izləyir. Təbii ki, bütün bu məsələlərin fövqündə ifaçının istedadı dayanır. Ona görə də cəmiyyət içində hər bir janrın daşıyıcısı öz davranışlarına, etik qaydalara, ifalarına fikir verməlidir. Həssas mövzudur.
Sahib müəllimin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin nəsə bilir, nəsə görüb ki, belə deyir. Bədiyyə janrı Sovet dövründə düşünülmüş şəkildə meyxanalar küncünə sürüklənib, ona görə də müəyyən xoşagəlməz hallardan janrı təmizləmək çox çətindir. Ciddi şəkildə nəzarətə götürülsə, janrın daşıyıcıları ifalarında qeyri-etik ifadələrə, narkotik maddələrin təbliğatına, xoşagəlməz məsələlərə görə məsuliyyətə cəlb olunarlar. Hətta həmin meyxana hansı səsyazma studiyasında işıq üzü görürsə, həmin studiya da məsuliyyətə cəlb olunmalıdır. O demək deyil ki, sən durdun bayağı ifa elədin, oturdun. Axı tamaşaçının zövqünü korlayırsan. Deyirlər ki, xoşun gəlmir, çevir, başqa efirə bax, qulaq asma. Bu, həll yolu deyil. Tövsiyə edirəm ki, gənclərə xoşagəlməz halları izah etmək, düz yola gətirmək daha arzuolunan, təqdirəlayiqdir. Aşıq Ələsgər də bədahətən şeir söyləyib, Mikayıl Müşfiq də, Cəfər Cabbarlı da, Əliağa Vahid də, Seyid Əzim Şirvani də, Mirzə Ələkbər Sabir də, Mirmövsüm Nəvvab da…
Mətbuatın özündə də xoşagəlməz hallar var. Bəzən savadı olmayan jurnalist cibinə vəsiqə qoyurdu, amma bu gün kifayət qədər savadlı jurnalistlərimiz də var, qürur duyuruq, fəxr edirik. Yəni hər sahədə buna rast gəlmək olar. O demək deyil ki, üzərilərinə gedib, onları aşağılamaq lazımdır. Düzgün istiqamət, yol göstərmək, izah etmək lazımdır. Nəticə çıxarmasalar, bundan sonra məsuliyyətə cəlb olunmalarının birmənalı şəkildə tərəfdarıyam. Janrın daşıyıcısından çox şey asılıdır”.
N.Məna son zamanlar meyxanaçı Elşən Xəzərin adının İranla bağlı hallanmasına isə belə münasibət bildirib:
“Bu barədə ciddi məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm”.
Rəylər