Azərbaycanın tanınmış aparıcısı Nanə Ağamalıyeva Qafqazinfo-ya müsahibə verib.
Oxu.Az verir ki, Nanə müsahibədə şəxsi həyatı, ailəsi barədə sualları cavablandırıb.
O, ailə qurmaq həvəskarı olmadığını bildirsə də, uşaq istədiyini qeyd edib:
“ Mən heç vaxt aşırı ailə qurmaq həvəskarı olmamışam. Mən bu insanla həyatımın sonuna qədər yaşaya bilərəm, o insana aid ola bilərəm və ya o insan mənə aid ola bilər deyib söykənə biləcəyim biri qarşıma çıxmayıb. Uşaqları həddindən artıq çox istəyirəm. Allahın qismətinə çox inanıram. İstəyirəm ki, yanımdakı insan mənə doğma əziz olsun, ata evindən çıxanda ağlaya-ağlaya çıxmayım, gözlərim sevincdən parıldasın”.
Teleaparıcı həmçinin qeyd edib ki, karyerasını ailəsinə qurban verə bilər:
“Ailə qurmaq, ana olmaq istəyirəm. İstəyirəm uşağımın ilk addımını mən görüm. Niyə dayə görməlidir? Neçə il əvvəl bu sualı mənə versəydiniz, yox deyərdim. Amma indi fərqli düşünürəm. Hazırda işim məni xoşbəxt edir. Ailə qurduğum adam məni işim qədər xoşbəxt edəcəksə, televiziyadan ayrılaram”.
O, barəsində səslənən təhqir və tənqidlərə də münasibət bildirib:
“Axır vaxtlar təhqirləri oxumuram, şəkil paylaşıram şərhlərə baxmıram, şifrəmi dostlarım bilir girib təhqirləri silirlər. Mən o təhqirləri öz aləmimdə oxumuram, gözüm görür, amma görməzliyə vururam. Təhqir edənlərə tərbiyəsiz və əlinə fürsət düşən insan kimi baxıram. Elə tənqidlər var ki, bizim xeyirimizə olur. Biz bu cəmiyyət üçün yaşayırıq. Onların tənqidini necə nəzərə almamaq olar? Əgər bu gün özümüzü qonşuya göstərmək üçün bahalı telefon alırıqsa, qohumdan utanıb istədiyimiz böyük hadisələrdən imtina ediriksə, deməli cəmiyyətin fikri bizə maraqlıdır”.
Nanə həmçinin bildirib ki, o, müasirliyin nə olduğunu bilmir:
“Mən diskotekaya getməmişəm. Bizim ailədə buna çox pis baxırlar. Televiziyaya gələndən sonra sərbəstləşmişəm. Əsas odur evdə özümü doğrultmuşam. Mən heç vaxt klublara getmirəm. Orada mənim ruhum qidalanmır. Mən Məhəbbət Kazımova, Baloğlan Əşrəfova, Akif İslamzadəyə, Şövqət Ələkbərovaya qulaq asıram və milli rəqslər edirəm”.