Almaniyanın Maqdeburq şəhərində keçirilən “Miss İntercontinental 2015” beynəlxalq gözəllik müsabiqəsində 65 ölkənin nümayəndəsi iştirak edəcək, Azərbaycanı bu müsabiqədə Nigar İbrahimova təmsil edəcək.
Oxu.Az aktrisa, “I Vice Miss Azerbaijan-2015”, “Miss Press Azerbaijan-2015”, “Miss Universal Peace & Humanity-2015”, “Miss IMG-2015”, “Miss Caspian Travel-2015” və “Miss Triumf-2015” Nigar İbrahimova ilə müsahibəni təqdim edir.

- Zəhmət olmasa, özünüz haqqında danışın...
- Mən - Nigar Musa qızı İbrahimova Ə.Əzimzadə adına Rəssamlıq kollecini bitirmişəm, amma təhsilimi davam etdirirəm. Moskva Dövlət Universitetində qiyabi bölməsində turizm işinin əsaslarını öyrənirəm. Özümü müxtəlif sahələrdə sınayırdım, uşaqlıqdan idmanla məşğul olmuşam. Əsasən bədii gimnastika və üzgüçülük ilə məşğul olmuşam. Bununla yanaşı, balet və rəqslə də məşğul olmuşam.

Mən daima hərtərəfli inkişaf etməyə can atmışam. Bilirsiz, əslində rəqs etmək və idmanla məşğul olduğum zaman əldə etdiyim bacarıqlar mənə lazım oldu. Axı aktyor fəaliyyətində hərəkətlilik və elastiklik tələb edilir.

- Rəssamlıq kolleci və Turizm fakültəsi – çox kəskin fərq var, hər iki ixtisası özünüz seçmisiniz?
- Xeyr. Əgər düzünü desəm, rəssamlığa uşaqlıqdan həvəsim var. Məktəbdə də rəssamlıq sənəti üzrə təhsil almışam. Daha sonra Hezz, Jazz Centre-də rəfiqələrimlə sərgilərimi təşkil etmişəm. Son dəfə sərgim Rublik-də olub. İndi rəsm çəkmirəm, buna sadəcə vaxt yoxdur. Moskva Dövlət Universitetini isə anam məsləhət görüb (gülür).

- Sizi daha çox nə cəlb edir, aktyor oyunu və ya rəssamlıq?
- Mən rəsm çəkməyi çox sevirəm, amma aktyor oyunu başqadır. Bu, başqa aləmdir. Bəlkə də aktyorluq səhnəyə daha çox marağım olduğu üçün məndə daha yaxşı alınır və mən bununla daha böyük məmnuniyyətlə məşğul oluram.

- Aktyor fəaliyyətinə nə vaxt və necə başlamısız?
- Xoş təsadüf (gülür). Məni kastinqə çağırdılar, o zaman 19 yaşım var idi. Düzünü desəm, mən yalnız maraq üçün getdim, seçiləndə isə çox təəccübləndim. Bu, Kann festivalı üçün çəkilən qısametrajlı film idi. Film “İnkoqnito” adlanırdı. Hər şey bundan sonra başladı. Məni müxtəlif layihələrə çağırmağa başladılar. Hal-hazırda “Bir ailəm var” serialında çəkilirəm. “Selcan” adlı kor bir qız rolunu oynayıram.

- Özünəməxsus roldur, çətinliklər olur?
- Çətinliklər yaranır. Birincisi, sıfır makiyaj, make up. Gözünü qırpmaq olmaz, görməyən insanın maneralarını öyrənmək lazımdır. Əvvəlcə əlbəttə çətin olur, sonra obrazı hiss etməyə başlayırsan, çəkiliş qrupuna alışırsan, bu komanda ailənə çevrilir.

- Hər şey qısametrajlı filmdən başladı, indi isə serial. Bəs seriala qədər?
- “Xoxan” filmi çəkilib, həmin filmdə baş rolu - “Xoxan”ı oynamışam. Bax, bu rolu oynamaqda rəqs və gimnastika məşqlərində əldə etdiyim plastika mənim işimə yaradı. Çünki rol çox emossional idi, qaçmaq, tullanmaq, əyilmək lazım idi, hər şey mimikalardan ibarət idi. Bundan başqa, aktyor qabiliyyəti tələb olunan reklam çarxlarına da çəkilmişəm. Bax belə.

- Bəs necə oldu ki, gözəllik müsabiqələrində iştirak etmək qərarına gəldiniz?
- Hər şey keçən il başladı. İş ondadır ki, mən özümü bayaq da dediyim kimi, bacarıqlarımı inkişaf etdirə biləcəyim müxtəlif sahələrdə sınamağı sevirəm. Düşünürəm ki, insan taleyin ona qismət etdiyi bütün şanslardan istifadə etməlidir. Bir yerdə dayanmağı sevmirəm. Beləliklə də, özümü bu sahədə də sınamaq qərarına gəldim və müraciət etdim. Kastinqdən keçdim, sonda ikinci yeri qazandım və birinci vitse-miss oldum.

- Müsabiqədən hansı təəssüratlarla ayrıldınız?
- Yalnız xoş təəssüratlarla, xatirələr pozitiv emosiyalarla boldur. İndi isə “Miss Azərbaycan” müsabiqəsinin təşkilatçılarından biri Aneliya Orduxanova məni “Miss İntercontinental 2015” müsabiqəsinə göndərir.

- Müsabiqə nə zaman və harada keçirilir?
- Müsabiqə dekabrın 4-dən 19-dək Almaniyada keçiriləcək. Bu mənim beynəlxalq müsabiqədə ilk iştirakımdır. Mən yayda başqa bir müsabiqədə iştirak etməli idim, amma təhsilimlə əlaqədar gedə bilmədim. İndi isə özümü beynəlxalq müsabiqədə sınamaq qərarına gəldim.

- Beynəlxalq müsabiqə çox böyük məsuliyyətdir, axı siz ölkəni təmsil edəcəksiniz. Müsabiqədə iştirak etməyə mənən hazırsınız?

- Bəli. Mən hər şeyə oyun kimi yaxınlaşmağa çalışıram. Hesab edirəm ki, əsas qələbə deyil, necə - yaxşı və ya pis oynamağındır. Mən ölkəmizi, mədəniyyətimizi yaxşı tərəfdən nümayiş etdirmək istəyirəm. Həm xarici görünüşdə, həm də xarakterdə təzahür edən əsl Şərq gözəlliyini nümayiş etdirmək istəyirəm.

- Sizin üçün Şərq və Qərb qızlarının fərqi nədədir?
- Şərq qızlarında qeyri-adi parıltı, atəş var. Qərb qızlarına isə soyuq gözəllik xasdır. Şərq gözəlliyində parlaq, diqqəti çəkən xüsusi daxili gözəllik var. Şərq səmimilik, emosiyalardır. Şərq qadınları fərqli olurlar. Düşünürəm ki, bu xüsusiyyətləri, əsl azərbaycanlı qızını göstərə biləcəm.

- İnsanlarda hansı keyfiyyətləri daha yüksək dəyərləndirirsiniz?
- Düzgünlük və bağışlamaq bacarığını.

- Üzr istəməyi bacarırsınız?
- Əgər yanlış davrandığımı dərk edirəmsə, bəli, mən üzr istəyə bilirəm. Mən bunu alçalmaq hesab etmirəm, əksinə, bu, insanın daxili gücünü göstərir.

- Asan bağışlayırsınız?
- Təəssüf ki, xeyr (gülür). Çünki bunun səmimi və ya dodaqucu üzr istəmək olduğunu anlamalıyam. Yox, mən kinli deyiləm (gülür), sadəcə insanın səhv davrandığını anladığını hiss etməliyəm. Çünki insanın ruhunda silinməyən izlər qalır.

- “Miss bikini-2015” Anastasiya Mixaylyuta müsahibələrin birində yarışmada çimərlik paltarlarının oğurlandığından, ayaqqabılarının içində şüşə qırıntıları tapdığından, ayaqqabılarının altına saqqız yapışdırıldığından danışmışdı... Bəs Azərbaycanın gözəllik müsabiqəsinin pərdə arxasında nə baş verirdi?

- Şükür Allaha bizdə belə şeylər yox idi... (gülür). Bizdə maksimum söz-söhbət olurdu. Qızlar müəyyən çərçivələrə sığırdılar və artıq heç bir hərəkətə yol vermirdilər, bu, çox yaxşı bir şeydir. Çox ümid edirəm ki, səfərdə də belə neqativ nüanslarla qarşılaşmayacam. Hər zaman pozitiv ruha köklənməyə çalışıram. Çünki iştirakçılar uzun müddət bir yerdə olurlar. Dostluq etmək lazımdır, axı dostluq insanın daxili gözəlliyini göstərir.

- Müsabiqədə sizin səhnə obrazınızda Şərqi, Azərbaycanı əks etdirən elementlər olacaq?
- Bəli. Milli geyim hazırlamışam, ümid edirəm ki, onu layiqli şəkildə təqdim edəcəm. Bundan başqa, “Sarı gəlin” mahnısının sədaları altında Vətənimiz haqqında videoçarx təqdim etmək istəyirəm.




- Azərbaycanı beynəlxalq müsabiqədə təmsil etmək təklifi aldıqda ilk olaraq hansı hissi keçirdiniz?

- İlk olaraq məsuliyyət hiss etdim. Yəni bunu gözəl, layiqincə yerinə yetirə biləcəyəmmi...

Daha sonra isə düşündüm ki, insan istədiyi bir şey üçün mütləq çalışır. Mənim məqsədim iştirakçılara bizim zəngin və gözəl ölkəmizin, mədəniyyətimizin kiçik bir parçasını, dövlətimizin nə dərəcədə inkişaf etdiyini nümayiş etdirməkdir. Vəssalam... (gülür).

- Söhbət üçün təşəkkür edirəm və Sizə müsabiqədə uğurlar arzu edirəm.



Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az