“Sevdiyim insan var. Oktyabrda 8 ilimiz tamam olacaq. Rəsmi nikahımız yoxdur. Heç buna ehtiyac da duymuram”.
Oxu.Az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında rəqqasə Aytən Əliyeva deyib:
“O qədər rəsmi evlənib, 1 ildən sonra boşanan ailə tanıyırıq ki... Hələ ki, toy haqqında düşünmürəm. Övlad olandan sonra rəsmi nikah mütləqdir. Əsas sevgi və xoşbəxtlikdir. Çox insan rəsmi nikah bağlayır ki, ev alsın. Mənim bunlara ehtiyacım yoxdur. Sevgilim əvvəl mənə çox qarışırdı, qısqanırdı. Amma son vaxtlar heç bir ad gününə, tədbirlərə qatılmıram. Hamısı dəvət edir, amma razılaşmıram. Yoruluram, insan bir ildə neçə dəfə ad günü keçirər? Həm də elə dərəcəyə gətirib çıxarmıram ki, o məni qısqansın. Şou-proqramlara getmirəm. Buna ehtiyacım da yoxdur. Birdən Asena Hollandiyada olur. Hansısa məclisi olanda zəng vurur ki, məni əvəz et. Pulunu da mən götürürəm”.
Rəqqasə biznesdə bəxtinin gətirmədiyini bildirib:
“Əvvəl bədxərc idim. İndi qazandıqlarımı yığıram. Bu rəqsin yaşı azdır. Bir ilə Türkiyəyə köçürəm. Orada evim var, təmir işləri gedir. Hazır olandan sonra ailəm də mənimlə birlikdə gedəcək. Orada mənə tələbat daha çoxdur. Hər ay nə qədər pul töküb, bilet alıram. Mənə külli miqdarda pul lazımdır. Biznes qurmaq üçün buna ehtiyacım var. Toplayandan sonra həmin biznesi quracağam. Bu günə kimi bir neçə dəfə iş qurmuşam, alınmayıb. Gözəllik salonu açmışdım, pulum batıb".
A.Əliyeva yaradıcılıq yeniliklərindən də söz açıb. O, Türkiyədə klip çəkdirəcəyini bildirib:
“Dollar qalxsa da, bu yay dincəlməyə imkan tapdım. Hər il 3 ayımı tətilə ayırırdım. Bu il cəmi iki yerə getdim: 4 günlük Mayamidə oldum. Sonra da Antalyada xınayaxdı məclisinə qatıldım və istirahət etdim. İstanbula səfərlərim var. Səhnə libaslarımı dəyişirəm. Modelləri özüm seçmişəm. Klip çəkdirəcəyəm. Türkiyədə lentə alınacaq. Azərbaycanda telekanallarda klip saatı yoxdur. Məcburam qardaş ölkədə çəkdirim, "Kral TV"də yayımlansın. Türkiyəli rejissora həvalə edəcəyəm. Onların qanunu var ki, özləri çəkmədikləri klipi yayımlamırlar. Efir üçün pul ödəməyəcəyəm. Çünki Asena ilə klipimiz "Kral"da yayımlanıb. Asena ilə olan klipimə 30 min xərcim çıxmışdı. Bu dəfə bilmirəm nə qədər istəyəcəklər”.