Azərbaycanın tanınmış müğənnisi Rəqsanə repertuarına daxil olan musiqisi Hikmət Aslanov, sözləri Telli Pənahqızıya aid olan “İnanımmı” mahnısının Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov tərəfindən ifa olunmasına münasibət bildirib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, müğənni bundan çox təəccübləndiyini vurğulayıb.
“Ötən ilin sonunda mən dedim ki, 2014-cü il mənim ilim olacaq və bu proqnoz elə ilin əvvəlindən özünü doğrultmağa başladı. Mənim üçün böyük şərəfdir ki, mahnımı dövlət başçısı oxudu, bu, onun ifamı çox bəyəndiyindən xəbər verir. Bununla yalnız fəxr etmək olar.
Mənim mərhum nənəm deyirdi ki, yuxuda hansısa dövlət başçısını görmək xeyrədir. Bu halda isə mən yuxu deyil, reallığı gördüm. Deməli, bu il mənim üçün uğurlu olacaq. Məni təbrik edən jurnalistlərə minnətdarlığımı bildirirəm” – deyə, Rəqsanə qeyd edib.