“Ailəlikcə hamımız evdəyik. Karantini bağ evimizdə keçirirdik. İki gün olar ki, oradan şəhərdəki evimizə gəlmişik. Uşaqlarım darıxmırlar. Bütün günü başları onlayn dərslərə qarışıb. Qızım Fərəh üçüncü, oğlum Nicat isə birinci sinifdədir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev evindən “Skype” proqramı vasitəsilə İTV-də yayımlanan “Gəl qonaq ol!” verilişinin canlı yayımına qoşularkən deyib.
Hiperaktiv sənətçinin uşaqları rus dilində təhsil aldığından, fikirlərini Azərbaycan dilində ifadə etməkdə çətinlik çəkiblər. Fərəh qardaşı Nicatın ikinci, üçüncü və dördüncü sinfin materiallarını keçdiyini bildirib: “Həmin materiallar Nicat üçün asan gəlir. Amma niyə belə olduğunu dəqiq bilmirəm”.
S.Piriyevin böyüyəndə alim olacağını deyən oğlu gələcəyi ilə bağlı təəccüb doğuran proqnozlar verib:
“Bir işin yerinə iki işi icra edəcəyəm. Həm mədənçi, həm də alim olacağam. Robotlar düzəldəcəyəm. Sonsuzluq planeti hazırlayacağam”.
Proqramın gedişatında Samir xeyli arıqladığını söyləyib, evdə idman hərəkətlərini necə yerinə yetirdiyini əyani sürətdə canlı efirdə nümayiş etdirib:
“Eyvandakı bütün idman alətlərini evə gətirmişəm. Son bir neçə ayda 15 kiloqram arıqlamışam. Qidalanmağıma fikir verib, idmanla məşğul oldum. Bu ərəfədə çəkim artmadı. İdman hərəkətləri edirəm”.
Rəşad Əliyev