Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəhriyar Əbilov: Karyerama görə ailədən vaz keçdim - MÜSAHİBƏ
Tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov bir müddət öncə Azərbaycanı tərk edib. O, artıq karyerasını Türkiyədə qurub, orada çalışmağa başlayıb.
Bu barədə aktyor Oxu.Az-a müsahibəsində deyib:
– 12 ildir Azərbaycan şou-biznesində və istədiyiniz yerdə idiniz. Bütün bunları atıb, Türkiyəyə gəlmək həvəsi necə yarandı?
– Əslində, həyatda çox şeyə gecikirəm. Ancaq qərarlarım həmişə düzgün olub. Ona görə ki, hər zaman istədiyimə yönəlməyi arzulamışam. Düzdür, getdikcə seriallardan və filmlərdən baş rolda oynamaq təklifləri gəlirdi. Amma hər kəs özünü gördüyü yerdə olmaq istəyir. Hər zaman böyük auditoriyaya sənətimi nümayiş etdirmək, onlar tərəfindən sevilmək istəmişəm.
Sənətimi daha çox inkişaf etdirmək üçün bizə ən yaxın ölkə Türkiyədir. Rusiyada da bu imkanlar var. Ancaq onlar başqa millətdən olan şəxsləri qəbul etmək istəmirlər. Yaxud qəbul edirlər, sabah millətlərarası münaqişə baş verdiyi zaman sən kənarlaşdırılırsan. Amma Türkiyə sənin millətindən olan bir dövlətdir.
Tarixlərimiz bir yerdə yazılıb, dilimiz, dinimiz, düşüncəmiz, kökümüz eynidir. Bu gün türk serialları bazarı isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Düşündüm ki, zamanı gəlib, hətta gecikmişəm. Dedim ki, Şəhriyar, əgər özünü inkişaf etdirmək istəyirsənsə, bir az sərhədləri aşmalısan.
– Buna həm də kino sənətimizdə olan geriliklər səbəb oldu?
– İnkişaf var, amma yaxşı yöndə getmir. Ucuz yöndə inkişaf edir. Ola bilər ki, 10 ilə daha da inkişaf edəcək. Amma bizim canımız gedir, yaşımız da az deyil. Bunu keçmək üçün Türkiyəyə gəlməli idim. Çox şeyləri qurban verməli idim.
İndi Azərbaycanda toylara gedirəm, konsertlərdə aparıcılıq edirəm. Onsuz da aramızda iki saat fərq var, həmin gün də yenidən Türkiyəyə qayıdıram. Burada aktyorluğumu inkişaf etdirirəm, tələffüz məsələsi və türk dili ilə bağlı dərslər alıram. Reklamlara çəkilirəm.
– Hansı reklamlarda çəkilmisiniz?
– Ticarət mərkəzləri və digər ekran işlərində rol almışam. Tezliklə filmdə də ikinci dərəcəli aktyor kimi çəkiləcəyəm. Lakin film işıq üzü görməyib deyə, o haqda danışmaq istəmirəm. Danışığımı tez bir zamanda düzəltmək istəyirəm ki, zaman itirməyim.
Bundan başqa, rəssamlığa hobbim var. Onun üzərində güclü işləyirəm. Çox rəssamlara ilk işlərimi göstərdim, dedilər ki, ilk dəfə üçün biz belə başlamamışıq, səndə götürmə qabiliyyəti çox yaxşıdır. Hər gün belə rəsm çəksən, bir ilə müasir abstrakt rəssamların içərisində seçilə bilərsən, yaxud da natura çəkən rəssamların sırasında fərqlənə bilərsən.
– Rəssamlıq həm də zövq məsələsidir...
– İnanın mənə, heç vaxt bilməzdim ki, rəssamlıqdan bu qədər zövq ala bilərəm. Düşüncələrini, təxəyyülünü genişləndirir, fantaziyasını inkişaf etdirir. Bir şeyi olduğu kimi çəkmək, kölgə vermək, çox ləzzətli bir işdir.
Türkiyədəki boş vaxtımı rəssamlıqla keçirirəm. Yaxşı əlaqələr qururam. Menecerlərim var. Türkiyənin üçüncü hava limanının simalarından biriyəm. Onun çıxmağını gözləyirəm.
– Türkiyədəki hədəfiniz nədir?
– Ən böyük arzum Türkiyədə tanınmış aktyor olmaqdır. Brendimi yaratmaqdır. Türk dilini peşəkarlaşdırıb, seriallarda oynayandan sonra yaşıma baxmadan, ABŞ-da təhsil alacağam. Onu bitirəndən sonra beynəlxalq aktyorlara çevriləcəyəm və başqa filmlərdə çəkiləcəyəm. Ən böyük arzum “Oskar” almaqdır. Bunu arzu edirəmsə, deməli, heç olmasa “Kann” festivalına getmək kimi şansım var.
Arzularım yaradıcılıq üzərinə qurulub, nə yaxşı ki, rəssamlıq da buraya əlavə olundu. İnsanlara arzularının dalınca getməyini məsləhət görərdim. Allahdan bir şeyi çox istəyin, bunun üçün də bir şeylər edin, mütləq ona çatacaqsınız.
– Hədəfinizə çatmaq üçün nələri qurban verdiniz?
– Karyerama görə evlənmədim, ailədən vaz keçdim. Bugünədək subayam. İndi ailə qursaydım, Türkiyəyə gələ bilməyəcəkdim. Fikirləşəcəkdim ki, ailəmi necə dolandırım, övladıma, ailəmə necə baxacağam? Düzdür, mənim iki övladım var. Atam da, anam da övladım kimidir. Onlara baxıram. Bacılarıma da həmişə böyük qardaş kimi dəstək olmuşam. Bu gün bir ailə də üstünə gəlsə, kommunal problemlər evimi yıxar (gülür).
– Evlənmək fikriniz yoxdur?
– Hazırda karyeramı sürətləndirirəm, evlənmək gec deyil. Allah məsləhət bildiyi şeyi vaxtında nəsib edəcək.
– Tək yaşamaq çətin məsələdir. Ev işləri necə, görə bilirsiniz?
– Burada dostlarımla yaşayıram, onlar yaşımın böyüklüyü və çox da işgüzar olmadığımı nəzərə alıb, evi bölüşdürürlər. Qabı filankəs yuyur, evi o biri təmizləyir. Görəndə ki tək yaşayıram, hər şeyi edirəm, təmizkar oluram. Amma evdə məndən başqa kimsə olanda, ona arxayın olub heç nə etmirəm (gülür).
Hazırda hər şey mənə xoşdur, yaxında tək evə köçəcəyəm. Buna imkanım var.
– Türkiyədə kommunal xərclər də çoxdur.
– Bəli, burada hər şeyə görə vergi vermək lazımdır (gülür).
Pərviz Hüseyn
www.oxu.az
Rəylər