Gözəllik ondur, doqquzu silikondur deyənlər əslində yanılırlar, çünki dünyanın ən məşhur ulduzları belə ən sadə vasitələrlə gözəl görünməyə çalışırlar. Məsələn, Keyt Moss.

Bu ad yəqin ki, çoxlarına tanışdır. Dünyanın ən məşhur super modellərindən biri və stil ikonası.

Oxu.Az Keyt Mossun həmişə gözəl və cazibədar qalmasının gizli məqamlarını açıqlayır:
Səhərlər yuxudan oyanarkən Keytin ilk işi sadəcə duş almaqdır. Daha sonra gündəlik makiyaj zamanı Keyt tuş, ənlik, pudra və gözətrafı kremdən istifadə edir. O, hər dəfə fərqli makiyaj etməyi sevir. Keytin makiyajda istifadə etmədiyi yeganə kosmetik vasitə, bir zamanlar isə bizdə xanımların vazkeçilməz kosmetikası olan dodaq qələmidir.

Keyt qışda özünü əsmər, yayda sarışın görmək istəyir. Saçlarını isə baxımsız hesab edir.

İnanmayacaqsınız, amma Keyt bəzən tənbəllikdən üzündə makiyajla da yatır. Yanınada nəmləndirici krem olmadan isə evdən bayıra çıxmır. Onun ən qəribə xüsusiyyəti isə gözəl əhval-ruhiyyə üçün hər səhər şampan içməsidir.

Keyt hər gün maskadan istifadə edir. Xanımlar, diqqətli olun! Keyt Mossun gözəllik sirri olan maskanın tərkibi ilə sizi tanış edirik:

Hər səhər xiyar dilimləri və xırda buz parçalarına, bir qədər soyuq su əlavə etməklə qarışıq hazırlayın və üz dərinizə çəkin. 10 dəqiqə saxlayın və üzünüzü yuyun.

Və sonda onu demək istəyirəm ki, Keyt Mossun gözəllik fəlsəfəsi belədir: əgər xoşbəxtsinizsə, yaşamağı sevirsinizsə, deməli, gözəlsiniz. Bu isə bütün makiyajlardan üstündür.


Aytən Sadıqzadə
www.oxu.az