Tanınmış radio aparıcısı Tural Yusifov sayt redaktorlarını ikiüzlü, zəhlətökən və işbilməz adlandırıb.
Oxu.Az radio dj-in sosial şəbəkədə paylaşdığı səmimi fikirlərini olduğu kimi təqdim edir:
“Çox ikiüzlüsünüz. Zaur Baxşəliyevi bəyənmirsiniz, amma mənasız, çürük və təkrar mövzuları ilə qışqıraraq danışan Malaxov xoşunuza gəlir. Mətanətin şpaqat açması, hansısa aparıcının efirdə ayaqlarını qaldıraraq idman etməsini tənqid edirsiniz, lakin Seda Sayan və bu kimi uğursuz müğənni və aparıcıların efiri üçün özünüzü öldürürsünüz. Bizim radio aparıcıların mövzusunu bəyənmirsiz, lakin aşağı səviyyəli, beldən aşağı zarafatları olan Rusiya aparıcılarını bəyənirsiniz. Bizim serialları bəyənmirsiz, lakin səviyyəcə daha aşağı olan bəzi, rus serialları üçün sino gedirsiniz.
“Xoxan”, “My name is İntiqam”, “Xoca” filmlərini tənqid edirsiz, lakin heç bir öyrədici funksiya daşımayan, xüsusi effektlərlə basdırılmış kinolar üçün ağzınızın suyu axır. Azərbaycan televiziyalarını bayalığda, mənasızlıqda ittiham edirsiniz, lakin redaktoru olduğunuz saytlar it günündədir və mənasız, “yandırıb-yaxan” fotolarınızla zəhlə tökürsünüz. Azərbaycan müğənnilərini bəyənmirsiniz, lakin oxuduğunun 95%-ni anlamadığınız hansı X müğənni üçün İtunes Store-də pulunuzdan keçirsiniz. “Azərbaycan televiziyalarında maarifləndirici veriliş yoxdur” deyrsiniz, lakin Dövlət televiziyasında, ictimai televiziyada yayımlanan maarifləndirici verilişlərin adını belə bilmirsiniz.
“Oxumağa bir maraqlı jurnal yoxdur” deyirsiniz, lakin üzərində əziyyət olan “National Geographic” jurnalına abunə olub bircə dəfə də olsun onun fotosunu paylaşmamısınız. Heç kimə tövsiyə etməmisiniz. Bəs siz özünüz nə etmisiz? Nəyə nail olmusuz? Bəs siz neçə telekanal idarə edib, neçə kino çəkib, neçə serial üçün ssenari yazıb, neçə musiqi bəstələyib, neçə reytinqli veriliş aparmısınız? Nəyə lazımdır zəhlə tökmək? Ya özün yarat biz baxaq öyrənək, ya da başını aşağı sal kompüterində Afaq Aslanın “yandırıb-yaxan” fotolarını saytında paylaş”.
Aytən Sadıqzadə