“Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində əməkdaşlıq memorandumu imzalanacaq.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, aprelin 22-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti arasında “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində əməkdaşlıq memorandumu imzalanacaq.
Milli Olimpiya Komitəsindən bildiriblər ki, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Ceyhun Bayramov və “Coca-Cola” şirkətinin baş meneceri Cem Becel ilə yanaşı, MOK-un icraiyyə komitəsinin üzvləri, Olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının səlahiyyətli nümayəndələri iştirak edəcəklər.
İmzalanma mərasiminə “Fəal ailəm, sağlam aləm” proqramının 2014-cü il üçün seçilmiş yeni Milli Olimpiya səfiri, Əməkdar Artist Tünzalə Ağayeva da qatılacaq. Olimpiya çempionu Fərid Mansurov (Afina, 2004) Milli Olimpiya səfiri rolunda 2013-cü ildən fəaliyyət göstərir, bu il də fəaliyyətini davam etdirəcək.
“Fəal ailəm, sağlam aləm” proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir.