Bu yaxınlarda azərbaycanlı kişi modellərinin yarıçılpaq fotolarını çəkən Andy Agapo adlı fotoqrafın işlərindən xəbər tutdum.
Ölkə şərtlərimiz daxilində qəbul edilməyən bu cür fotolayihənin müəllifinin fikirlərini öyrənmək mənim üçün çox maraqlı gəldi.
Necə olur ki, yazılan bu qədər mənfi şərhlərə və deyilən xoşagəlməyən fikirlərə əhəmiyyət vermədən öz işini hər gün əvvəlkindən daha da keyfiyyətli təqdim etməyə davam edir....
Oxu.Az xəbər verir ki, Andy Agapo Azərbaycanda kişilərə həsr olunan ilk və yeganə fotolayihə - “Azeriman”in müəllifidir.
“Mən Avropa markaları ilə işbirliyi olan təcrübəli modellər, habelə özünü model biznesində yoxlamaq istəyənlərlə birgə işləyirəm. Əsasən, modellərlə dostlar tanışlar və ya internet saytım vasitəsi ilə əlaqə qururam.
Mənim fotoqraf dostlarım çoxdur. Onların hər birinin özünəməxsus üslubu var. Hər biri öz sahəsinin peşəkarıdır. Mənim ağlıma belə bir fikir gəldi ki, sırf kişi fotoları layihəsi üzərində çalışım. Ona görə ki, bizim ölkəmizdə bu üsluba çox üstünlük verilmir, səbəb isə milli mentalitetdir... Amma bu adət-ənənə mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Ona görə də mən istədiyim fotonu çəkirəm. “Azeriman” layihəsinin öz auditoriyası var. Əlbəttə, mənfi rəy verənlər daha çoxdur, lakin bu, mənim üçün yaxşı haldır. Çünki müsbət və mənfi rəylər birlikdə mənim işləməyimə daha çox stimul verir”- deyə Andy Agapo bildirib.
Aytən Sadıqzadə
www.oxu.az