Xatırlayırsınızsa, sentyabr ayında “Azərbaycanın gözəllik yarışmalarına qoyulan qeyri-rəsmi çimərlik geyimi – QADAĞASI” başlıqlı müəllif yazısı təqdim etmişdik.
Mövzu media nümayəndələri və oxucular tərəfindən maraqla qarşılanmışdı. Sözügedən məsələ ilə əlaqədar gözəllik müsabiqələrinin təşkilatçıları, modellər, ölkəmizin gözəllik yarışmalarındakı təmsilçiləri, sənət adamlarının rəylərini də nəzərinizə çatdırmışdıq.
Həmin məqalə ilə bağlı bu işin əsl peşəkarı Dünya Gözəllik Konqresinin prezidenti, həmyerlimiz Zamir Hüseynovun fikirlərini oxucularımıza çatdırmağı özümüzə borc bildik.
“Mən çimərlik geyimi qadağası ilə bağlı verilən müsahibələrlə razı deyiləm. Onlar model işi ilə gözəllik müsabiqəsini qarışdırırlar. Bunlar ayrı-ayrı anlayışlardır. Onların bu anlayışlardan heç xəbərləri də yoxdur. Model çimərlik geyimi də, açıq-saçıq geyim də - hər şey geyinməlidir. Gözəllik müsabiqəsinə qatılanlar isə model deyillər, onlar gözəllik kraliçalarıdır, öz ölkəsinin təmsilçiləridir”,- deyə Zamir Hüseynov bildirib.

“Qərb ölkələrində çimərlik geyimi ilə müsabiqəyə qatılmaq daha çox problem yaradır. Həmin dövlətlərin bəzi feminist təşkilatlarının nümayəndələri iddia edirlər ki, modellər çimərlik geyimi ilə podiuma çıxıb erotika satırlar. Ona görə də müsabiqə vaxtı mitinqlər olmasın deyə Avropada keçirilən bəzi gözəllik müsabiqələrində çimərlik geyimi çıxarılıb.
Biri (red.- Validə Abbasovanı nəzərdə tutur) müsahibə verib ki, kiməsə görə müsabiqənin qaydası dəyişdirilməlidir ki?!
Səhv düşüncədir. Dəyişdirirlər. Məsələn, Malayziya və İndoneziyada keçirilən “Miss World” gözəllik yarışmasında çimərlik geyimini müsabiqədən çıxardırlar. Ona görə ki, müsəlman ölkələridir, bu geyimlər onların mentalitetinə uyğun deyil.
Müsabiqənin öz, hansısa ölkənin öz qanunları var. Müsabiqə hansı ölkədə keçirilirsə, həmin ölkənin mentalitetinə riayət olunmalıdır. Hansısa model çimərlik geyimindən imtina edirsə, ona bağlı çimərlik geyimi geyindirilir. Lakin belə etməklə model bədənindəki qüsuru gizlədə bilər. Bunun üçün bir qayda var. 5-6 nəfər qadınlardan ibarət komissiya yaradılır. Müsabiqədən bir gün əvvəl çimərlik geyimindən imtina edən modellər onlar üçün ayrılan otaqda tamamilə soyundurulur və həmin qadın jürilər modellərin bədəninə lap yaxından baxırlar. Hətta salfetlə modelin bədənini silirlər ki, o, tonal kremlə bədənində olan qüsuru gizlədə bilər.
Amma mən buna qarşıyam. Model bilməlidir ki, əgər Fransa da gözəllik yarışmasına qatılırsa, oranın qaydalarına əməl etməlidir. Hansısa ölkədə yarışmaya qatılanda demək olmaz ki, mən filan geyimdə podiuma çıxmıram. Bu, həmin ölkənin mentalitetinə qarşı hörmətsizlikdir. Eləcə də Azərbaycanda.
Bir məsələyə də toxunmaq istəyirəm. Əgər Qərbdə olan qaydaları qəbul edir və söyləyirsinizsə, “bizdə pisdir, qərbdə yaxşıdır”, onda gəlin, sizin övladınıza 4 yaşında seks dərsləri göstərsinlər. Öz mentalitetini söyən insanlar “çuşka”dır. Mən bunu belə qəbul edirəm.
- Çox uzaq keçmişə getməyək. Yaxın bir-iki il ərzində Azərbaycanda milli və beynəlxalq adda keçirilən gözəllik müsabiqələri qalmaqalla yadda qaldı. Məsələn, sonuncu keçirilən “Miss Globe İnternatinonal” müsabiqəsi buna misal ola bilər. Bu haqda nə deyə bilərsiniz...
- Bəli, doğrudur. Azərbaycanda, əsasən türklərin təşkil etdiyi müsabiqələr keçirilir. Bizimkilər də türk adı eşidəndə “dəli” olurlar. Türklər bizim qardaşımızdır, onlara qurban olum. Amma mən şou-biznes insanlarından danışıram. Onlar xalqa saxta mal sırıyırlar.
Təqsir jurnalistlərimizdədir, çünki araşdırma aparmırlar. Həmin və digər müsabiqənin ötənilki qalibini tapıb sual vermirlər ki, sən bu müsabiqəyə necə düşmüsən? Bilirsiniz qalib nə deyəcək? “Məni Facebook-da tapıblar” və s. Araşdırsanız görərsiniz ki, bu müsabiqə Türkiyə və Kiprdən başqa heç bir ölkədə keçirilməyib. Daha sonra görəcəksiniz ki, dünyada eyni adda 2 belə müsabiqə var və s.
Müsabiqənin təşkilatçıları mətbuat konfransı keçirib söyləyirlər ki, bu müsabiqə 70 ölkədə yayımlanacaq. Tədbirdən sonra jurnalistlər tələb etmirlər ki, həmin materialları göndərin, baxaq görək, hansı ölkələr yayımlayıb.
Mən Dünya Gözəllik Konqresinin prezidentiyəm, bu işin içərisindəyəm. Biz bilirik ki, gözəllik müsabiqəsini 70 ölkədə canlı yayımlamaq həddindən artıq çətindir.
- Deməli, siz Azərbaycanda təşkil olunan gözəllik müsabiqələrindən razı deyilsiniz...
- Mən türklərin Azərbaycanda təşkil etdiyi müsabiqələrdən narazıyam. Onların təşkil etdiyi müsabiqələr “Top 10”-da yoxdur.
Neçə vaxtdır ki, mən danışmırdım, susurdum. Bütün bunlar məni çox qəzəbləndirir. Türkiyənin jürisi heç vaxt Azərbaycanı dəstəkləməyib. Türk milləti həmişə bizi dəstəkləyib, bilirəm. Amma gözəllik müsabiqəsi keçiriləndə ingilis, fransız bizə 10 xal verdiyi halda, türkiyəli jüri 2-3 xal verməklə kifayətlənib. Bu da bir biznesdir.
Peşəkar gözəllik müsabiqələrində ya finaldan bir gün əvvəl, ya da finala iki-üç saat qalmış jüri səsverməsi keçirilir. Qalibi səhnədə seçmək isə müsabiqənin qeyri-peşəkarlığından xəbər verir.
Aytən Sadıqzadə
www.oxu.az