Müğənni Zemfira İbrahimovanın doğum günündə məşhurların xəstə qız uşağına görə hönkür-hönkür ağlamaqlarını nümayiş etdirmişdik.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ-da yaşayan və orada yaradıcılıqla məşğul olan aparıcı Günel Musəvi məsələ ilə əlaqədar müğənniləri qınayıb.
Aparıcı Facebook səhifəsində bunları yazıb:
“Bu videoya baxdıqca gözlərimə inanmırdım. Bir xəstə uşağın yanında bu qədər ağlamaq nə deməkdir? Bizim cəmiyyət xəstə, şikəst insanlara yazıqlıq hissini nümayiş etdirməyi nə zaman özlərinə yasaq edəcəklər?!
Bu, biabırçı ağlaşma orgiyası idi. Xəstə uşağın yanında ağlamaqla onun həyatdan bütün ümidini kəsirlər, ürəyinə sən öləcəksən fəryadını saldılar. Bütün mənfi enerjini göndərdilər körpə qızın üzərinə. Bu çox yanlış bir hərəkət idi.
Bir ton yekə arvad-kişi bir uşağa sevgi, ümid, xəstəliyi ilə mübarizə etmək üçün güc və enerji vermək əvəzinə, ona bir ölmüş məxluq kimi baxıb yazıq-yazıq sığalladılar! Uşağı diri-diri mənəvi şəkildə öldürdülər. Məncə orda uşaq yox, məclisdəki insanlar xəstədir! Bu rəftar bağışlanılmazdır. Xaricdə insan ölür, ona yenə də deyirlər sən yaxşı olacaqsan, yanında gülürlər, maraqlı söhbətlər aparırlar, mahnı oxuyurlar, nə bilim baş-ayaq dururlar ki, təki xəstənin psixoloji durumu gümrah olsun. Bunlar isə rəsmən uşağa sən bitdin, ay qız deyirlər. Özü də bir toy məclisində. Ayıb, amma çox ayıb”.
Günel Musəvinin bu yazısı müğənni Zemfira İbrahimovanı yaman əsəbiləşdirib. Müğənni İnstagram səhifəsində aparıcını bədbəxt adlandırıb:
“Ay bədbəxt, sənin kimiləri nə bilər xəstəlik nədir, insanlıq nədir? Qaldı ki, ağlamağa insan bəzən özünü cilovlaya bilmir, göz yaşlarına hakim ola bilmir. Belə ürəyi yanan idinsə, belə düşüncəli birisi idinsə, bu uşaq haqqında məqalə yaxud müsahibə verərdin ən azından. Mən o uşağı tanıdım, özüm köməklik elədim və gördüm ki, tək əldən səs çıxmır.
Ona görə özüm dəvət elədim ki, ad günümə gəlsin. Heç düşünmürdüm ki, ona orda pul yığılsın, sadəcə sənət dostlarımla tanış edəcəkdim və Manaf Ağayevə söz veriləndə Rəqsanə xanım uşaq haqqında qısaca danışdı.
Sonra sözü yenidən Manaf bəyə verdi və Manaf bəyin ifa elədiyi musiqi hamını kövrəltdi. Qısacası mənə reklam lazım deyil, bizim millət belə bədbəxtdir. Kiməsə istəyirsən yaxşılıq edəsən, başqa şeylər düşünürlər. Ar olsun sizin kimilərə, oturub Amerikada ağzına gələni yazırsan”.