25 
May
2018
19:04
244
649
24146
Virtual karabakh

Murad Dadaşov: “Maşın” şou möcüzədir – VİDEO

25 May, 2018
19:04
24146

Murad Dadaşov: “Maşın” şou möcüzədir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, məşhur teleaparıcı, “M Group Production” şirkətinin rəhbəri Murad Dadaşovun Oxu.Az-a müsahibəsi:

– Murad bəy, bu qaçhaqaçın içində bizə vaxt ayırdınız. Deyəsən, şirkətdə işlər çoxdur...

– Dəlixanadır, həmişəki kimi...

– Murad Dadaşov həmişə öz hiperaktivliyini qoruyur. Yeni layihələr, yeni işlər. Bu dəfə də teleməkanın ən qalmaqallı və səs-küylü şousu – “Maşın” efirə qayıdır. Bu “Maşın”da bizi hansı yeniliklər gözləyir? Bu “Maşın”ı digərlərindən nə fərqləndirəcək?

– Qəhrəmanlar. Hər şey onların ətrafında qurulub. Qəhrəmanların kimliyindən asılı olaraq “Maşın”ın da gedişatı onlarla bağlıdır. Populyar insanları yığırıq, lakin onların populyarlığı yalnız birinci gün əhəmiyyət kəsb edir. İkinci gündən etibarən, adi iştirakçı olurlar. Dəfələrlə tanınmış simalar “Maşın”da uğura imza ata bilməyib. Onlardan qat-qat az tanınan, ilk baxışdan maraqlı olmayanlar şouda fırtınalar əsdirib. Böyük tamaşaçı rəğbəti qazanıblar, tanınıb, seviliblər. Adətən, “Maşın” realiti şousunda tanınan ulduzların haqqında sonra mənfi fikirlərin yaranması ilə bağlı miflər yaranır. Bu, əslində, belə deyil.

– “Maşın” realiti şousunu başqa bir komanda ilə indiki kimi maraqlı edə bilərsiniz?

– Yaradıcı komandanı illər ərzində yaratmışam. Püxtələşiblər. Əvvəlcə belə deyildi, çox çətin idi. Biz “Mərc şou” kimi böyük bir proyektin əsasını qoymuşuq. Həmişə demişəm ki, “MGP” böyük bir komandadır. Heç vaxt həmkarlarıma işçi kimi müraciət etməmişəm. Həqiqətən, onlar mənim dostlarımdır. Əksər hallada peşəkar insanlarla dostlaşıram deyə, onları işə cəlb edirəm. 

Yeni bir komanda ilə bunu yaratmaq ilk baxışdan çətin olacaqdı. Hazırda “Maşın” şounun xarici ölkələrdə yaranmasına imza atmışıq. Qazaxıstan, Rusiya və Gürcüstan kimi ölkələrdə həmin layihəyə böyük maraq var. Şou zamanı biz oranın da əməkdaşlarını dəvət edəcəyik ki, canlı baxsınlar. Sonradan bizim komandamızın bir neçə nümayəndəsi gedib orada yerli kadrlarla “Maşın” realiti şosunu yaradacaqlar. “Maşın” realiti şousunun heyəti bir mexanizm formasındadır, ona görə də biz rahatdır.

– Şouda bir nəfərin dəfələrlə iştirak etməsi sosial mediada etirazla qarşılanır. Bu, sizi narahat etmir ki?

– Ümumiyyətlə, məni heç nə narahat etmir. Məni narahat edən maraqsız verilişdir. Veriliş böyük marağa səbəbdirsə, reytinq verirsə, narahat olmuram. “Maşın”ın yazılmış qaydaları var. Nəinki kimsə, bu qaydaları heç vaxt dəyişmərəm. Onların təkrar iştirakı qaydalara zidd deyil. Kiməsə maşın qazandırmaq niyyətində deyilik ki, ardıcıl dəvət edək.

Sadəcə, maraqlı iştirakçılar var. Deyək ki, kiminsə qurbanı olur, şounu tez tərk edir, obrazı sona qədər açılmır. Bizim ixtiyarımız var ki, onu dəvət edək. Hamını maraqlı şou gözləyir. 

 İştirakçıları təkcə özünüz seçirsiniz. Ya qərarlarınıza Toğrul Məmmədovla, Tural Sevdimalının qatqısı olur?

– Qərarı özüm verirəm, ancaq təklifləri hamıdan eşidirəm. Sonda hər bir iştirakçı mənim dəvətimlə şouya qatılır.

– Hansı məşhuru “Maşın” şouya dəvət etdiyinizə görə peşman olmusunuz?

– Heç birini. Dəvət etmişəmsə, deməli, arxayınlaşıb çağırmışam. Əksinə, görmək istədiyim insanlar var ki, tilsimi sındırıb onları heç cür gətirə bilmirəm.

– Sizin üçün toxunulmaz insan var ki, onun iç dünyasının, mənfi xüsusiyyətlərinin üzə çıxmağından qorxub heç vaxt “Maşın”da görmək istəməzsiniz?

– Mənfilik haqda heç vaxt danışmıram. Çox istərdim ki, Zülfiyyə Xanbabayevanı “Maşın”da görüm. Onu çox yaxından tanıyıram, bilirəm ki, yüksək yumor hissi var. Pozitiv insandır. Ancaq məlumdur ki, onun ailəsi, daxili dünyası buna imkan vermir. Çılğınlığına, emosiyasına görə bu insan şouda çox maraqlı olardı. Ədalət Şükürovu şouda görmək istəyərdim. Dostum Namiq Qaraçuxurlu da “Maşın” şouda gözlənilən şəxslərdən biridir. Bilirəm ki, maraqlı siyasət yürüdərdi. Özü mənim üçün çox əzizdir.

“Maşın”a ona görə çağırmıram ki, kimsə kimisə çıxartsın, alçaltsın. Bu insanları yaxından tanıyıram, tamaşaçılara göstərmək istəyirəm ki, maraqlı insandır. Sizə elə gəlir ki, onlar maraqsızdır.

Tünzalə Ağayeva oyunda olsa, çox maraqlı olardı. Vaxtıykən Manananın arxasınca çox gəzdim, amma başa düşdüm ki, alınmayacaq.

Sevda Ələkbərzadəni də görmək istəyərdim. Ancaq mənə elə gəlir ki, birləşib mən dediyim adamları elə ilk gün şoudan uzaqlaşdırardılar. Bəlkə də, onlar bunu bildiyi üçün şouya qatılmırlar.

– Maraqlıdır, Murad Dadaşov özü “Maşın” şouda iştirakçı olardı?

Qatılardım. Amma ilk oyunlarda başqa cür, sonra təcrübə yığıb başqa oyun göstərərdim. Hətta mən bilirəm ki, “Maşın”ın qalibi olardım. Çünki bilirəm neyləmək lazımdır (gülür).

– Kimin üçünsə “Maşın əldən getdi” demək necə hissdir?

– Çox çətin. Nə qədər mürəkkəb mübarizə getsə də, ən qəddar strateji mütəffiqlər, hər bir emosiya, çılğınlıq, qasırğa belə, bu kəlimədən sonra çox dəyişir. Bizim millətimiz belədir də, çox ürəyi yumşağıq. İki nəfər adam mübarizəyə çıxır, çıxanda isə heç kim sevinmir, ürəyində özünü qınayır. Nə qədər desələr də, proqramda qalmaqal yoxdur. Hamı bilir ki, qarşındakı insan bir ama görə buradadır. Buna görə uşaqları çox istəyirəm. Hər nə olsa da, nə qədər desələr ki, bunlar şou nümayəndələridir, o hissləri itirmirlər.

– Sözsüz ki, hər bir insanın dəyəri avtomobildən, daşınmaz əmlakdan daha yüksəkdir. Elə bir iştirakçı olub ki, onun dəyəri maşından daha aşağı olub?

– “Maşın” mübarizəsi adi bir dəmir parçası ilə yekunlaşmır. Baxmayaraq ki, hamısı deyir ki, vallah, maşına görə, Murad müəllim çağırıb deyə, onun sözünü yerə salmamaq üçün gəlmişəm. Amma hər axşam bir nəfər şounu tərk edəndən sonra sən başa düşürsən ki, sən 18 nəfərdən biri idin, müəyyən vaxtdan sonra 12 nəfərdən birisən. Sonra 8, 6 nəfərdən biri olursan və nəhayət, sən finaldasan. Bu dəmir parçası əməlli-başlı hədiyyə imiş. Dünyanın düz vaxtında insan gəlib 60-70 min manatlıq hədiyyə qazana bilərmi? Küçəyə çıxın görün, kimə belə bir hədiyyə bağışlanır? Bu şouda 18 gün ərzində sizə maşın, hədiyyələr, üstəlik populyarlıq verilir. “Maşın” şou möcüzədir. Siz sadəcə diqqətlə baxın, verilişi məndən daha çox sevəcəksiniz.

– Belə başa düşdüm ki, bu dəfəki avtomobilin də qiyməti 60 min manatdır...

– Bəli, biz oyuna həmişə bahalı maşın qoyuruq.

– Gələcəkdə “Maşın” şouda xarici ulduzları görəcəyik? Çox uzağa getməyək, məsələn; türk ulduzları...

– Bəli, bizdə bu barədə təkliflər var idi. İstəyirdik şounu İstanbulda, yay vaxtı isə Bodrumda keçirək. Əvvəlcə şouya bir-iki türk ulduz dəvət edəcəyik. Daha sonra Türkiyə-Azərbaycan yarışması keçirəcəyik. 

– Bu qədər reytinqli proqramlara imza atırsınız, nə vaxtsa, kanal açmaq niyyətiniz var?

– Ola bilsin, gələcəkdə internetdə, peykdə bizim layihələri birləşdirən bir kanal açdıq. Artıq özümü bir kanal rəhbəri hesab edirəm. İşçi heyətimiz çoxdur. Verilişlərimiz, işlərimiz genişdir. Ən məhsuldar bir şirkətin rəhbəriyəm. Reytinq etibarilə bizdən daha çox seçilən bir şirkət demək olar ki, çox azdır. Məqsəd reytinq yox, keyfiyyətli işlər ortaya çıxarmaqdır. 

İstərdim ki, layihələrimə görə, 10 il sonra utanmayım. Əməkdaşlarımız buradan ayrılanda, yeni iş yerinə keçəndə “MGP”də işləmişəm deyəndə çox ciddi bir münasibət yaranır. Bilirlər ki, çox ciddi bir nizam-intizam və məhsuldar bir mühit yaratmışam. Biz çox rahatıq. Müdirlik etmək iddiam olmayıb. Kim olduğumu yaxşı bilirəm. Düşündüyümdən artıq düşünmürəm. Onların həyatında öz rolumu yaxşı bilirəm. Onların da önəmli rolunu başa düşürəm. Ola bilər ki, müəyyən bir müddət sonra istedadlı insanlara bir araya yığıb kanal açmaq qərarına gələk.

– Bu dəfəki “Maşın”da kimlər sizin təklifinizə müsbət cavab verməyib?

– Bilirsiniz, burada müsbət cavab verməmək “gəlmirəm” demək deyil. Sadəcə, biz iş cədvəli qururuq, onların cədvəli ilə iş rejimimiz üst-üstə gəlmir. Məsələn, Rəhim Rəhimlini layihədə görmək istəyirdim. Onun bu aylarda bir neçə konsertləri olduğuna görə alınmadı. Digər ulduzlar da həmçinin, cədvəlinə görə alınmadı.

Mətbuatda rast gəlirəm yazılıb ki, Murad Dadaşov filankəsə zəng vurdu, kimsə yox dedi. Belə şey yoxdur. Bu, o demək deyil ki, həmin adam məndən qorxur və ya çəkinir. Hamı hörmətlə yanaşır. Mən də başa düşürəm ki, bu insanda alınmır. Məsələn; Zülfiyyə Xanbabayevaya zəng vurmuram. Bilirəm ki, Röya da alınmaz, amma onu şouda görmək istəyirəm. Röyanı çox istəyirəm, lakin bilirəm ki, iş qrafiki gərgindir. 

Bizim bir siyahımız var, hamıya zəng vurduq. Gördük ki, kimlərin qrafiki bizimlə uyğun gəlir. Onlar siyahıda qaldı. Bu dəfəki 18 nəfər isə 36 nəfərin arasından seçildi. Yarısını gələn dəfəyə saxladıq.

Sizə bir sirr açım. Cavan Zeynallı “Maşın” şouda olacaqdı, ancaq bacısı rəhmətə getdiyi üçün qatılmayacağını söylədi. Aydındır ki, bu, elə bir haldır ki, həmin emosiyalarla şouya qatılmaq mümkün deyil. Komandamız adından Cavan bəyə başsağlığı verirəm.

– Gələcəkdə “MGP”də yeni layihə rəhbərləri və aparıcıları olacaq?

– Bizim artıq bütün işlərmizdə layihə rəhbərləri mən deyiləm. “Maşın” şounun layihə rəhbəri belə “MGP”nin baş prodüseri Toğrul Məmmədov tərəfindən təsdiqləndikdən sonra seçilir. “Davam və Tamam” şousunun layihə rəhbəri Tural Sevdimalıdır. Mən tənbəl insanam, bir də ən mükəmmələ doğru qaçıram. Mən də istəyirəm şouda başqa aparıcı olsun, bir dəfə də mən kənardan izləyim. Lakin maddi imkanlarımız buna maneədir.

Hələki bütün sponsorlar mənim adıma gəlir. Təbii ki, bu, məni sevindirir. Bizim əfsanəvi “Mərc Şou”unu bərpa edirik. Bu dəfə aparıcı mən olmayacam. Üç yeni aparıcı olacaq. Ancaq adlarını deyə bilmərəm.

– Zirvədəkilər adətən yol açırlar. Bu gün Murad Dadaşov var, bəs sabah kim olacaq? Sizin izinizlə gələn birini görürsünüz?

– Bu, elə bir işdir ki, insanın daxili ehtiyatları və ehtiyacları olmalıdır. Ehtiyacı ona görə olmalıdır ki, insan bu sahəyə gəlməyi istəməlidir. Ehtiyat məsələsinə gəldikdə isə, bu iş təkcə xarici görünüş və istedadla məhdudlaşmır. Həmişə istəmişəm ki, efirdə mən yox, daha görkəmli, yaraşıqlı cavan insanlar olsun (gülür).

İndi başa düşürəm ki, insanda inam, daxili mötəbərlik və ləyaqətlilik məsələsi var. Uzunmüddətli uğur formulu ilk növbədə təhsillə bağlıdır. Şoumen, aparıcı işi çox çətindir. İnsan söhbət etməyi və maraqlı olmağı bacarmalıdır. İnsanın informasiya gücü kasaddırsa, onda heç nə alınmayacaq. 

– Monika Belluçi qədər sevdiyiniz şou-biznes nümayəndəsi kimdir?

– Monika Belluçi qədər sevdiyim o qədər adam var ki, adlarını çəksəm gərək dayanmayaq. Bütün qadınlar gözəldir. 

Monika Belluçi mənim aləmimdə bir rəmzi xarakter daşıyır. O rəmzi xarakteri daşıyır ki, mən... 

Nəysə, çox gözəl qadındır. Deyəcəm sonra məni boşatdıracaqsınız (gülür).

Pərviz Hüseyn
VİDEO: Asim Cəlilov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri