Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şou-biznesdə növbəti qadın müharibəsi - FOTO/VİDEO
Günlərdir davam edən rəqqasə Fatimə Fətəliyeva və müğənni Xatun Əliyevanın qalmaqalı məhkəməyə daşınıb.
Oxu.Az xəbər verir ki, aylar öncəsinə dayanan münasibətlərin gərginliyi Xatunun dodaqları silikonlu bir xarici tanınmışın fotosunu paylaşaraq hədə-qorxu gəlməsilə daha da alovlanıb.
Belə ki, Xatun paylaşımında sözü kimə ünvanladığını gizli saxlasa da, bunları qeyd edib:
“Bu fotonu gördüm, bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir.
Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orada-burada məndən danışasan, mənə şər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm, mənə Xatun deməsinlər.
İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get, yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram”.
Fatimə isə Xatunu məhkəməyə verəcəyini bildirib:
“Bir söz deyə bilərəm: tezliklə məhkəmədə şər-böhtana görə cavab verəcəklər. Allahıma şükür, namusum, gözəl övladlarım, ailəm, işim, peşəm, ruzum. Şərhlərdə yuyulmamış çömçə kimi yazanlar da cavab verəcəklər”.
Fatimə Xatunun paylaşımına “Eynisini tapmısan. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə, qardaş-bacıdırlar?” sözlərini yazan şairə Nazilə Səfərlini də məhkəməyə verəcəyini bildirib.
Məhkəmə sözünü eşidən Xatun isə qorxaraq geri addım atıb. İlk növbədə sənətçi “Instagram”dakı paylaşımında yer alan şərhləri silmək üçün bağlayıb. Daha sonra isə müğənninin mətbuat katibi Azər Nəsibov “Facebook”da status yazaraq bu işdə medianı günahlandırıb. O, Xatunun sözləri Fatiməyə ünvanlamadığını, jurnalistlərin bunu özündən yazdığını iddia edib.
Daha sonra Fətəliyeva “Hər şey daxil” verilişində qonaq olub və Xatunun paylaşımı haqda açıqlama verib. O bildirib ki, Xatunun əlindəki fotonu sənətçi onun köməkçisinə də göndərib:
“İllərdir qazandığım statusu vurmağa çalışır. Mənim namusum, vicdanım qeyrətim var. Əziyyətlə uşaqlarımı böyütmüşəm. Kimsə gəlib mənə söz desin? Dodaqlarımı lap silikon etmişəm. Dediyi foto məndə də var.
Köməkçimə də şəkli göndərir, deyir, ağıllı olsun. Nə istəyirsən? Hələ şərhdə yazan yuyulmamış çömçə var - şairə Nazilə Səfərli. Vaxt olub mənimlə yaxın olmusunuz. Salonuma gəlmisiniz, qulluqlardan istifadə edib, sonra “Instagram”da pisləyirsiniz? Mənim nəslimdə kişi var. Məhkəmədə o sözlərə görə cavab verərsiniz”.
Veriliş zamanı Əməkdar artist Vasif Məhərrəmli canlı yayıma zəng edərək qalmaqala qoşulub və rəqqasəni təhqir edib:“Qadın məsələsinə məni qatmasınlar. Ucuz reklamlara ehtiyacım yoxdur. Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Burada mənim Fatimədən ağzım yandı.
Eybi yox, sonra görüşdük, salamlaşdıq. Seçkilər ərəfəsində Şirvan şəhərində konsert idi. Orada müğənnilər üçün olan çadıra daxil oldum, Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsınız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir”.
Onun sözlərini kəsən Fatimə “Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Görün, bu insan mənə nə deyir? Danışıq qabiliyyətin olsun. Xatunla məkanların birində oturub məni müzakirə etmisiniz. Sizin qeybət xoşunuza gəlir. Bu, sizin xasiyətinizdir” deyərək, əsəbi cavab verib.
Vasif isə “Aş gətirmirsən? Gəldilər, mənə dedilər ki, təqdim et “Respublikanın Əməkdar artisti Fatimə. Axı bu, əməkdar artist deyil. Fatimənin öz günahıdır onunla danışmamağım” deyərək, dəstəyi asıb.
Daha sonra Vasif Fatimə haqda “O, restoranda aş gətirəndir. Menyuda salat, xiyar-pomidor, aş və Fatimə var” fikirlərini səsləndirib.
Məhərrəmlini mədəniyyətsiz adlandıran rəqqasə onu balqabağa da bənzədib:
“Əvvəla, hər bir insanın mədəniyyəti onun qurduğu cümlədən və davranışından bilinməlidir. Mədəniyyət insanın yaraşığıdır.
Hörmətli Vasif Məhərrəmli, siz məni televiziyada necə mədəniyyətsizcəsinə təhqir etdiniz. İndi isə təhqirləriniz davam edir. Bu, nə tərbiyəsizlikdir ki, məni tərəvəzlərlə bir sayırsınız. Mən də sizin dildə danışıb sizi balqabağa bənzətsəm, necədir? Amma yox, mən o tərbiyənin yiyəsi deyiləm, etikamı qoruyan insanam.
Onu da qeyd edim ki, şou-biznes bizim balaca dünyamızın içində qurulub. Kim kiminlə necə yoğrulur, hər kəs bilir. Yəni kimlər kimi şou-biznesə bir evdə pomidor-yumurta bişirərəkmi, ya balqabaq bişirərəkmi salıb, bilənlər bilir.
Və ən əsası, onu qeyd edim ki, (Heç bir restoranın xüsusi aş təqdim edəni deyiləm) mən xüsusi toylarımızda bəylə gəlinimizin xahişi ilə aş təqdim edirəm. Bu da qəbahət deyil. Ruzini təqdim etmək hər insana həvalə edilmir”.
Rəqqasə bir neçə gün sonra “Instagram”da canlı yayımda son açıqlamalarını edib. O bildirib ki, Xatun və şairə Nazilə Səfərli onun ünvanına dedikləri təhqirlərə görə məhkəmədə cavab verəcəklər:
“Qanun qarşısında cavabını verəcəksən, sözlərinin üstündə dayan. Mənə dediyin xəyanəti, nəslimdə kişi olmamasını, afirist sözünü sübut edəcəksən”.
Mənə oğru adını qoyublar. Bir dəfə ABŞ-da olanda mağazadan mal aldım, pul verməyi unutmuşdum. Gəlib bu haqda ona danışmışdım. İndi mənim adımı oğru qoyub. Şairə ilə oturub məni müzakirəyə qoyublar. Məhkəmədən sonra hər şeyin düz tərəfini biləcəksiniz. Lazım olsa, onun yazdığı mesajları sosial şəbəkədə yayacam”.
Fatimə Xatunla davasının səbəbini də açıqlayıb:
“Mənim davam onunla xına məkanı açması üçün başlamayıb. Salonuma gəlib-gedib, qardaşı yanımda işlədi, dostlaşdıq. Onu çox istəmişdim. Deyirdim, səmimidir. Məni bir xınaya dəvət etmişdi.
Dedim ki, filan qiymətə gələrəm, amma heç kimə demə. Başladı ki, sən kimsən, səni salonda sürüyərəm. Ərin, qızın, işçilərin səndən utanır. Bütün dediyi sözlər telefonumda durur. Mənimlə davadan sonra daha da ürəkləndi”.
Baş verən qalmaqala müğənnilər Nura Suri və Aysel Əlizadə də biganə yanaşmayıb:
Nura Suri “Fatiməyə qarşı olan söz-söhbət nədir belə? Nə olub bizim millətə? Qeybət etmək nə zaman hopdu bu millətin canına? Bu, nə dəbdir başqalarında eyib axtarıb, eyiblərini üzə çıxarmaq? O ki qaldı Fatimənin plov gətirməyinə, halal zəhməti ilə pul qazanır. İki balasını böyüdür.
Necə deyərlər, gözünü açandan dişi ilə, dırnağı ilə qazanır. Yaxınım deyil, rəfiqəm deyil, amma zəhmətinə böyük hörmətim var. Kişilərə isə məsləhət görərdim ki, xanımların sözünü danışmasınlar. Lap eyibi olsa belə, iki xanımın mübahisəsinə qarışmasınlar”, - deyə rəqqasəyə dəstək olub.
Aysel Əlizadə isə fikirlərini belə ifadə edib:
“Fatiməni uşaqlıqdan tanıyıram. O, aş gətirməklə əskiklik etməyib, halal zəhməti ilə balalarını saxlayıb. Arxadan atılan daş topuğa dəyir. Fatimə, hər zaman yanındayam”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər