Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xpert: “Məşhur reper olmaq üçün “YouTube” bəs edir” - MÜSAHİBƏ + FOTO
1970-ci illərdə ABŞ-da yaranmış “hip-hop” mədəniyyətinə aid olan rep ölkəmizdə də kifayət qədər məşhurdur. Azərbaycanda 1990-cı illərdən etibarən tanınmağa başlanan bu janr günümüzdə gənclər arasında böyük rəğbətlə qarşılanır. Elə budəfəki müsahibimiz də “Xpert” ləqəbi ilə tanınan məşhur reper Şəhriyar Zahid oğlu Atababayevdir. Qafqaz Universitetinin türk dili və ədəbiyyatı fakültəsini bitirən Şəhriyar 2009-cu ildən bu sahə ilə məşğul olur. Ailəlidir və Məryəm adlı qızı var. Ətraflı müsahibəmizdə...
Oxu.Az reper “Xpert”lə müsahibəni təqdim edir:
- Reperlərin maraqlı təxəllüsləri olur. Ümumiyyətlə, reperlər niyə öz adları ilə yox, təxəllüslə tanınmağın tərəfdarıdırlar?
- Məncə, belə daha maraqlıdır. İstənilən halda gördüyün işə maraq qatsan, üfüqdə yeni qapılar açılacaq.
Mənə belə bir dialoq çox tanışdır:
- Nə işlə məşğulsan?
- Reperəm.
- Ləqəbin nədir?
- Xpert.
- Niyə məhz “Xpert”?
- Niyə də yox?
Beləliklə, siz bir reper olaraq öz konseptinizi rahat şəkildə ifadə edə bilərsiniz. Qaldı ki ümumən təxəllüsə, bu, incəsənətə yad deyil. Yazarlar, şairlər müxtəlif səbəblərdən bu üsulu çox sevirlər.
- “Xpert” adı haradan gəlir? Bunu da bilməyənlər üçün elə sizdən eşidək...
- İngilis dili lüğətimdə sevdiyim bir sözlə qarşılaşdım və onu mənalandırdım. “Expert” sözünün “Xpert” kimi yazılışı isə ilk dəfə “A4” (Orxan Tağıyev - həm də mənim bu işdə müəllimim olub) ləqəbli reperin təklifidir. Bəyəndim... Fikrimcə, çatmalı olduğun məqamı daim diqqətdə saxlayır. Bir işi mükəmməl bilmək üçün mütəxəssis olmalısan deyə düşünürəm. Bu yolda xeyli məsafə qət etmişəm, şükür.
- “Xpert”lə Şəhriyar Atababayev arasındakı fərq nədir?
- Biz hətta üç nəfərik (gülür). İndi “XXXpert” də var. Fərqimiz çoxdur. Ən birinci fərq elə adlarımızdan başlayır. Nəhayətində vahid bir sistemə düzgün xidmət etdikləri təqdirdə onlar barədə xoş sözlər demək olar. Əgər Şəhriyar öz ətrafında sevib-sevilirsə, “Xpert” ölkəsinin incəsənətinə xidmət edirsə və nəhayətində “XXX” yaxşı pul qazana bilirsə, deməli, fərqliliklər dediyimiz şey sadəcə təfərrüatdır.
- Nədənsə indiki reperlər telekanallarda çox görünmürlər. Sizcə, replərin mətnlərində söyüş, açıq-saçıq ifadələrin çox olması buna səbəb ola bilər?
- Tez-tez televiziya verilişlərindən təklif alıram. Sadəcə, hələ ki belə bir istəyim yoxdur. Səbəbini bilmirəm.
- Sizcə, məşhur reper olmağın göstəricisi nədir? “YouTube”da baxış sayının çoxluğu, ya başqa bir şey?
- Artıq məşhur reper olmaq üçün “YouTube” bəs edir. Elə mən də sosial şəbəkədə daha aktiv fəaliyyət göstərib, öz sənət torumu qura bilmişəm. Davamlılıq vacibdir.
- İlk yazdıqlarınızı xatırlayırsınız? Ümumiyyətlə, yazmaq istedaddır, yoxsa vaxt çoxluğu?
- Öz yazılarıma arxayınlığım, bəlkə, elə buradan gəlir. Səhv etmirəmsə, 12-13 yaşında artıq nələrsə cızma-qara edirdim. Çox az olar ki, yazdığım hansısa mətn birinci özümü təəccübləndirməsin. Əlbəttə, yaxşı mənada. Bu səbəbdən bilirəm ki, Allahın lütfündən mənə də pay düşüb, buna inanıram. Adətən, ilk demonu ailə üzvlərimə və “101” komandasına dinlədirəm və fikir alıram.
- “Xpert”in deyimi ilə sevgi nədir?
- Sevgi - küləyin qızılgül yarpaqlarını xışıldatmasıdır.
- Musiqidən ən çox nə qədər qazanmısınız? Və hansı proyektlə?
- Sonuncu albomum 7EDDİ-nin sadəcə sponsor gəlirləri 20 min AZN-i keçmişdi. Buna kliplər də daxildir. Tezliklə hər kəs ən yüksək qonorar aldığım layihəmdən xəbərdar olacaq.
- Sonda oxuculara sözünüz və gənc reperlərə tövsiyəniz nədir?
- Oxuculara vaxt ayırdıqları üçün təşəkkür edirəm. Gənc reperlərə isə bu işi sevdikləri üçün bol səbir arzu edirəm.
Dilşad Bəhruzqızı
Rəylər