Hazırladığım sənəddə yer alan hər bir məsələnin izahını verməyə hazıram.
Oxu.Az xəbər verir ki, bunu ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az-a müsahibəsində bildirib.
O qeyd edib ki, ilk addımı ABŞ-ın konqresmeni atıb.
“Hesab edirəm ki, tam doğru addım atmışam. İkinci tərəfdən, ilk addımı ABŞ-ın konqresmeni atdı. O, Azərbaycanı insan hüquqlarının pozulduğu bir ölkə kimi təqdim etdi.
Təbii ki, mən ona cavab verməliydim. Bir daha qeyd edirəm ki, bu, mənim mövqeyimdir. Heç bir siyasi partiyanın üzvü deyiləm. Müstəqil deputat kimi mövqeyimi ifadə etmişəm. Sənədi özüm hazırlamışam”.
Rzayev Kris Smitə ölkəsindəki gizli həbsxanalara baş çəkməsini məsləhət verib:
“Bilirsiniz, indi elə bir dövrdə yaşayırıq ki, nəyisə gizləmək mümkün deyil. Mən düşünürəm ki, dövlətlər biri-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidirlər.
Əgər müstəqil dövlətlərdən söhbət gedirsə, burada “böyük dövlət”, “kiçik dövlət” kimi yanaşmalar olmamalıdır. Elə Smitə də tövsiyə edərdim ki, Azərbaycanda insan hüquqlarına diqqət çəkməkdənsə, gedib ölkəsindəki gizli həbsxanalara baş çəksin, insanlara verilən işgəncələrlə bağlı öz ölkəsindəki həkimlərin fikirlərini dinləsin.
Ölkəsindəki dini, milli, irqi ayrıseçkiliyi bütün dünya görür. Biz bunu deməliyik. Əgər Smiti doğrudan da insan haqları maraqlandırırsa, zəhmət çəkib öz seçicilərini də dinləsin. Öncə onların hüquqlarını qorusun. Bundan sonra digər ölkələrdə insan hüquqları ilə bağlı məsələyə toxunsun”.
E.Ə.
www.oxu.az