Artıq bir neçə gündür ki, Ermənistan informasiya məkanında Qarabağ mövzusunun müzakirəsi yenidən qızışıb. Hər gün müxtəlif ictimai xadimlərin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində separatçı qurumun bərpasına çağıran, xunta rejiminin bərpa edə biləcək hansısa sənədin qəbulunu tələb edən, Ermənistan və Azərbaycan arasında gələcək sülh sazişində Qarabağ məsələsinin də yer almasına təkid edən bəyanatları səslənir.
Həm parlament, həm də radikal müxalifət bunun üçün xüsusilə canfəşanlıq edirlər. Maraqlıdır ki, eyni zamanda, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələri və hökumətyönümlü siyasi ekspertlər və fəallar ya Qarabağ mövzusundan hər cür kənarlaşır, ya da artıq mövcud olmayan separatçı qurumla bağlı söhbətlərə qarşı çıxırlar. Yeri gəlmişkən, Qarabağı könüllü tərk edən ermənilər artıq Ermənistanı kütləvi şəkildə tərk edirlər.
Bu məsələ barədə ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-la fikirlərini bölüşüb.
O bildirib ki, Qarabağda separatçıların formalaşması artıq keçmişdə qalıb.
“İnsanları Qarabağdan çıxmağa təhrik edən xuntanın keçmiş “rəhbər”ləri (əksəriyyəti Azərbaycandadır, mühakimə olunur) indi vəziyyətdən narazıdırlar, çünki onların heç kimə faydası olmayıb, vərdiş etdikləri maliyyə dəstəyindən məhrum olublar. Aydındır ki, bu adamlar ehtirasları körükləməyə çalışacaqlar, erməni cəmiyyətinin radikal nümayəndələri isə onları dəstəkləyəcəklər. İrəvandakı Qarabağ klanının nümayəndələri, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları da bu işə qarışırlar. Ermənistana köçən Qarabağ erməniləri manipulyasiya ediləcəklər”, - deyə Ağacanov vurğulayıb.
İctimai xadim bütün bunların Ermənistanın indiki hakimiyyətinə lazım olmadığını qeyd edib, çünki tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir.
“Separatçıların keçmiş rəhbərləri və Qarabağ klanı isə Ermənistan Respublikasında vəziyyəti gərginləşdirəcəklər, ona görə də onların indiki Ermənistan hökuməti ilə qarşıdurma yaşayacaqlarını demək olar. Bu fitnə-fəsad törədənlərin vəzifəsi, əslində, Ermənistan Respublikasında hakimiyyətə gəlməkdir”, - deyə o əlavə edib.
Ermənistan mediasında, KİV-də 10-30 min Qarabağ ermənisinin artıq Ermənistanı tərk etdiyi, hökumətyönümlü mənbələrin isə bu xəbəri təkzib edərək onların sayının təxminən 6 500 nəfər olduğunu deməsinə gəlincə, Ağacanov bu barədə dəqiq məlumatının olmadığını, lakin Qarabağ erməniləri ilə ünsiyyətinə əsaslanaraq, artıq 10 minə yaxın insanın Ermənistanı tərk etdiyini təxmin etdiyini bildirib.
“Amma böyük axın olacaq. Qarabağ ermənilərinin əksəriyyəti çox yaxşı başa düşür ki, Ermənistanda onları qəbul etməyəcəklər. Müəyyən sosial-iqtisadi çətinliklər var, çünki Ermənistan kiçik ölkədir, onun öz problemləri də var. Psixoloji uyğunluq məsələlərini də qeyd etməliyik. Qarabağ ermənilərinin çoxu Ermənistanda qalmayacaq. Onların, sadəcə, bir hissəsi burada qalacaq”, - deyə Ağacanov söhbətini yekunlaşdırıb.
Nair Əliyev