Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa bazarı əhəmiyyətli miqdarda kapital itirə bilər
Beş illik fasilədən sonra Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin Avropa ziyarəti "triumfal səfər" kimi qiymətləndirilir. Həqiqətən də belədir. 500 nəfərlik böyük heyət, keçirilən tədbirlər bu səfəri dünya mediasında ən aktual məsələ kimi diqqətdə saxlayıb. Görünən odur ki, Pekin Avropanı fəth etməklə yanaşı, ABŞ-ni bölgədən sıxışdırıb çıxarmağa çalışır. Pekinin bu istiqamətdə uğurları da var. Məsələn, qitə Çin malları, investisiyası ilə aşıb-daşır, ölkələr onunla əməkdaşlığa üstünlük verir.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ustalıqla seçilən səfər marşrutu
Avropa turunun marşrutunu ustalıqla tərtib edən Çin lideri maraqlı bir dövr seçib. Ukrayna müharibəsi ilə bağlı Avropada ikitirəlik yaşanır. Bir qisim müharibənin tezliklə dayandırılmasını istəyir, digərləri Rusiyaya qarşı sanksiyaları artırmağa çağırır, başqa bir qisim isə bitərəf qalmağa üstünlük verir. Çin lideri də bu vəziyyətdən yararlanmağa çalışıb. Rəsmi Pekinin bu müharibə ilə bağlı mövqeyi ziddiyyətlərlə doludur. Əgər rəsmi Pekin ilk vaxtlarda hərbi əməliyyatlara biganə qalırdısa, sonradan Ukraynanın ərazi bütövlüyünün tərəfdarı qismində çıxış etdi. İndi isə Rusiyanın yanındadır. Səfər zamanı Çin rəhbəri birmənalı şəkildə bəyan etdi ki, Rusiyaya qarşı olan beynəlxalq tədbirlərə qoşulmayacaq. Bu isə o deməkdir ki, Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək.
Digər bir mühüm məsələ ondan ibarətdir ki, mayın 17-də Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Liderlər BMT-nin gündəliyindəki qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar. Burada Moskva və Pekin demək olar ki, bütün mövzularda həmrəydir.
Son beş ildə ilk səfər
Beləliklə, son beş ildə ilk dəfə Avropaya səfər edən Çin lideri Fransa, Serbiya və Macarıstanda olub. Əvvəldən anons edilmişdi ki, Avropa paytaxtlarına səfərlər Çinin Fransa, Serbiya, Macarıstan və bütövlükdə Avropa ilə əlaqələrinin inkişafına töhfə, həmçinin qlobal dinc inkişafa yeni təkan verəcək. Səfərin əsas diqqət çəkən hissəsi Fransa ilə bağlıdır. Əksəriyyət hesab edir ki, Çin rəhbərinin Fransaya səfəri onun Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq, Çin liderinin Parisdə Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüşündə səslənən fikirləri qabardırlar. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsulların qiymətini süni şəkildə aşağı endirir və bu da qeyri-bərabər rəqabət yaradır. Xanım Ursula Aİ-nin mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Çinin diqqətinə çatdırıb.
Ümumiyyətlə, Çin lideri Fransada üç mövzunu ayrıca müzakirə edib ki, bunlardan birincisi Yaxın Şərqdəki gərginlik olub. Bu məsələdə ortaq mövqe bildirilib, həm Paris, həm də Pekin müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılmasını dəstəkləyib. İkinci mövzu İranın nüvə proqramına aid olub. Liderlər İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər. Üçüncü mövzu Rusiya-Ukrayna müharibəsi olub. Avropa dövlətləri Çin liderinin Kremlə təsir etməsini istəyir. Si Cinpin isə müharibənin dayandırılması üçün Kremlə təsir etmək fikrində deyil.
Serbiya və Macarıstana gəldikdə, bu iki dövlət Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verirlər. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir.
Digər maraqlı bir məqam ondan ibarətdir ki, səfər zamanı Pekinin siyasətinə qarşı sərt mövqedən çıxış etməyən, Avropaya uzanan "Bir kəmər, bir yol" layihəsinə dəstək verən ölkələr seçilib. Misal üçün, Çin liderinin İtaliyaya səfəri nəzərdə tutulmayıb. Çünki İtaliya "Bir kəmər, bir yol" layihəsindən çıxdığını bəyan edib.
Avropa bazarı əhəmiyyətli miqdarda kapital itirə bilər
Bu arada Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Çin və ABŞ arasında strateji rəqabətin güclənməsinin əsas qurbanlarından biri Aİ ola bilər. O, Çin və ABŞ arasındakı rəqabətin növbəti onillikdə dünya inkişafının əsas vektorunu müəyyənləşdirəcəyini deyib.
Borrel bildirib ki, Aİ iqtisadiyyatının rəqabət qabiliyyəti son vaxtlar təkcə Çinə deyil, ABŞ-yə də uduzmağa başlayıb. Bu tendensiya ortamüddətli perspektivdə davam edərsə, Avropa bazarı əhəmiyyətli miqdarda kapital itirə bilər. Onun fikrincə, buna bir sıra amillər, o cümlədən ABŞ-də enerji qiymətlərinin aşağı düşməsi, həmçinin maliyyə bazarının sabit vəziyyəti kömək edəcək.
Çin ABŞ-ni geridə qoyacaq
Qərb ekspertlərinin fikrincə, Çin liderinin bu səfəri daha çox daxili auditoriyaya yönəlib. Yəni səfər daxili istehlak üçün aydın bir siqnal göndərmək məqsədi daşıyıb: "Baxın, bizim Avropada dostlarımız var", - demək istəyib. Məsələ ondadır ki, böyüyən Çin bazarı Avropanı tamamilə fəth etmək istəyini ortaya qoyur. Avropa bazarında faktiki olaraq ona rəqib olan biri yoxdur. ABŞ buna cəhd göstərsə də, səyləri nəticəsiz qalıb.
Hesablamalara əsasən, 2030-cu ildə Çin iqtisadiyyatı Birləşmiş Ştatları geridə qoyacaq. Mövcud problemlər tez bir zamanda həll edilməsə belə, iqtisadçılar Çin iqtisadiyyatının ildə dörd faiz artacağını proqnozlaşdırırlar.
Səfərdən sonra daha bir maraqlı olay yaşanıb. Vaşinqton milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək 37 Çin şirkətini sanksiya siyahısına daxil edib. Çox güman ki, bu qərar Çin liderinin Avropaya səfərinə cavabdır.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu