"Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Zaur Şükürov deyib.

O bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir:
"15 oktyabr tarixdə Bakıda keçirilən və dünya əhalisinin təxminən yarısını, Asiyanın geniş coğrafiyasını təmsil və əhatə edən AQEM-in 7-ci Zirvə görüşündə bir sıra dövlət başçılarının səsləndirdiyi fikirlər və sədrliyimizin yekdilliklə 2028-ci ilədək uzadılması ilə bağlı qərar qəbul edilməsi liderimiz cənab İlham Əliyevə və dövlətimizə yüksək inam və etimadı nümayiş etdirir. Azərbaycanın davamlı olaraq, dövlətlərlə bərabərhüquqluluq, daxili işlərə qarışmama, ərazi bütövlüyü və suverenlik prinsipinə, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığının qurulmasında və inkişaf etdirilməsində maraqlıdır. Bu yanaşmanı, eyni zamanda qarşı tərəflərdən də gözləyirik və dövlət başçımızın çıxışlarında da bu mövqeyimiz milli maraqlarımıza uyğun, aydın və prinsipial şəkildə ifadə olunur".
"Təəssüf ki, Azərbaycanla Hindistan arasında uzun illərin əməkdaşlığına söykənən münasibətlərdə fikir müxtəlifliyi səbəbindən son dövrlər müəyyən durğunluq və soyuqluq müşahidə olunurdu. Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə baş tutmuş görüş, həmçinin AQEM-in üzvü qismində bu ölkənin dövlət naziri Kirti Vardhan Sinqhin Bakıda keçirilən VII Zirvə Görüşündə iştirakı və çıxışı zamanı Azərbaycanın növbəti dəfə AQEM-ə sədrliyini yüksək qiymətləndirdiyini bildirməsi ikitərəfli münasibətlərdə müəyyən irəliləyişlərin müşahidə ediləcəyi ehtimalını artırırdı. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri və səfər çərçivəsində bu gün Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilməsi, həmçinin xarici işlər naziri Ceyhun Bayramovla görüşməsi iki ölkə arasında münasibətlərinin yeni mərhələsinin başlanmasını deməyə əsas verir. Nazir Subrahmanyam Cayşankarın prezidentimizin qəbulunda olarkən, ölkəsinin Prezidenti Draupadi Murmunun və Baş naziri Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdıraraq, bu səfərin məhz Baş nazirin tapşırığı ilə həyata keçirdiyini bildirib. Prezident İlham Əliyev hindistanlı nazirin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib", müsahibimiz deyib.
Onun sözlərinə görə, münasibətlərin mövcud durumuna dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə, "qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu, iki ölkənin Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri, siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi" vurğulanıb:
"Xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı tərəflər investisiya imkanları, ticarət, təhsil, turizm, mədəniyyət, regional məsələlər, Cənubi Qafqazdakı son vəziyyət, beynəlxalq təşkilatlar, Azərbaycan-Ermənistan normallaşma prosesi, təhlükəsizlik, nəqliyyat-logistika, eyni zamanda Hindistanın Şimal-Cənub və Orta Dəhliz üzərində yerləşən nəqliyyat bağlantılarına marağı, birbaşa aviareyslərin sayının artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər geniş şəkildə müzakirə edilib. Qeyd etdiyim faktlar, heç şübhəsiz əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın və niyyətin ifadəsi kimi qiymətləndirilməlidir".
"Prezident İlham Əliyevin liderliyi ilə qlobal miqyasda nüfuzu yüksələn, etibarlı və məsuliyyətli tərəfdaş imici, milli maraqlarını prinsipial şəkildə qorumağı bacararaq hörmət və etimad qazanmış, uzaqgörən enerji, nəqliyyat, investisiya siyasəti yürüdən Azərbaycanla əlaqələrin inkişafına dövlətlərin və beynəlxalq təşkilatların maraq göstərməsi təbiidir. Eyni zamanda, hazırda əhali sayına görə dünyada birinci, iqtisadiyyatına görə 4-5-ci yerlərdə qərarlaşan, nəhəng sənaye potensialına, İT, xidmət, kənd təsərrüfatı, turizm sektoruna malik olan Hindistanla münasibətlərimizin qarşılıqlı hörmət, bərabərhüquqluluq, qarşılıqlı fayda əsasında inkişaf etdirilməsi ölkəmizin də maraqlarına cavab verir. Hesab edirəm ki, nazir Subrahmanyam Cayşankarın səfərin ardınca iki ölkə arasında qarşılıqlı təmasların intensivliyinin, həmçinin müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflərin marağının artması mümkün görünür", - parlamentari fikrini yekunlaşdırıb.