Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Prezidenti: “İctimai tədbirlərimdə doqquz nəfərdən artıq adam olmur”
“Fiziki formanı ev şəraitində də uğurla saxlamaq olar. Bu gün artıq heç kimə sirr deyil ki, evdə idmanla fəal şəkildə məşğul ola biləcəyimizi göstərən çoxlu informasiya resursları var. Mən gənc yaşlarından idmanla məşğul olan bir insan kimi, bütün qaydalara riayət edirəm və idmanla məşğul olmağı həm sağlamlıq, həm özünə inam və həm də iş qabiliyyəti üçün vacib amillərdən biri hesab edirəm”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində karantin şəraitində ölkə başçısının intensiv dövlət fəaliyyəti aparması, həmçinin fiziki formasını necə saxlaması və bu istiqamətdə həmvətənlərinə hansı tövsiyələrinin olması barədə sualını cavablandırarkən deyib.
“Mən dəfələrlə gənclərə, orta yaşlı insanlara müraciət edərək demişəm: idmanla məşğul olun.
Bunu dəfələrlə təkrar etmişəm, amma təkrarlanmalıdır ki, insanlar buna gəlsinlər. Xəstəxanaların geniş inşa işlərinə başlayanda hamının tibbi müayinədən keçməli olduğunu çox dediyimi xatırlayıram. Bu gün isə ümumi pulsuz dispanserizasiya aparanda, - sadəcə bu il pandemiya səbəbindən aparılmayıb - öz sağlamlığını yoxlamaq üçün 5 milyondan çox insan gəlir.
Eyni şey idmanla da olmalıdır. Mən deyirəm: idmanla məşğul olun - faydalarını görəcəksiniz, fiziki vəziyyətinizin, əhvalınızın və iş qabiliyyətinizin necə yaxşılaşacağının şahidi olacaqsınız. Buna görə də, indi hamıya məsləhətim internet resurslarından istifadə etməkdir. Orada evdə idmanla məşğul olmaq üçün bir çox məsləhət, proqramlar var.
Karantin rejiminə gəlincə, mən prinsipcə intizamlı insanam. Buna görə, mənim ictimai tədbirlərimdə doqquz nəfərdən artıq adam olmur. Bizdə 10 nəfərdən çox insanın birlikdə toplanması qadağandır, ancaq mən həmişə ehtiyatı əldən verməyərək doqquz deyirəm”, - deyə dövlət başçısı fikrini tamamlayıb.