Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM + VİDEO
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
Sərəncam ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədilə imzalanıb.