Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, dövlət başçısının digər Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Nazirin dosyesini təqdim edirik:
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən etibarən isə nazirin müavini təyin edilib.
Ailəlidir, iki övladı var.