Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon"un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuvaidi şahidlik ediblər.
Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri (@Inv_UAE) Məhəmməd Həssən Əl Suveydinin iştirakı ilə "Modon Holding"in sədri Cassem Al Zaabi ilə "Şəhər… pic.twitter.com/zazvlYyIQ2
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025
Bir neçə milyard dollarlıq investisiya yatırımını nəzərdə tutan sazişə əsasən, Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq.
Tədbirdə çıxış edən Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Daha sonra tərəflər arasında Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Marko Arçelli imzalayıblar.
Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun iştirakı ilə "ACWA Power" (@acwapower_en) şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə dair 400 milyon ABŞ dollarından çox birbaşa… pic.twitter.com/MMo1lcj5gM
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025
Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında saziş imzalanıb. Sazişə ADSEA sədri Zaur Mikayılov, "Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marko Arçelli imza atıblar.
Digər mühüm sənəd - torpaq icarəsi haqqında saziş iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marko Arçelli tərəfindən imzalanıb.
Sonda maliyyə naziri Sahil Babayev və Marko Arçelli dövlət zəmanəti haqqında sazişi imzalayıblar.
Bu sənədlərin imzalanması Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məhərrəm Əliyev