"Türk və İslam dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və beynəlxalq platformalarda fəal iştirakı hər zaman diqqət çəkir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
"Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb və müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısını böyük beynəlxalq tədbir kimi dəyərləndirən Prezident qeyd edib ki, TDT-yə üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan və Suriyanın dini liderlərinin, Şimali Qafqaz respublikalarının, xüsusilə Dağıstan və Çeçenistanın dini rəhbərlərinin də tədbirdə iştirakı birliyin əsl nümunəsidir.
Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Ölkəmizin tarixinə nəzər saldıqda bu, aydın görünür. Azərbaycan hər zaman sülhə, sabitliyə və tolerantlığa çağırışlar edib. Ölkəmiz təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edib".
Deputat əlavə edib ki, bu yanaşma Azərbaycanın xarici siyasətində türk dünyasına verilən xüsusi önəmdə də özünü göstərir:
"Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, türk dünyasının gücləndirilməsi və Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Dövlət başçısı bu siyasəti "Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur" ifadəsi ilə xarakterizə edib.
Azərbaycanın türk dünyası ilə münasibətləri yalnız çoxtərəfli platformalarla məhdudlaşmır. TDT-yə üzv ölkələrlə ikitərəfli formatda da fəal əməkdaşlıq həyata keçirilir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalanması bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bu sənədlərlə müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri siyasi, iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə imkan yaradır".
Parlamentarinin sözlərinə görə, iqtisadi sahədə də konkret addımlar atılır:
"Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb, qarşılıqlı investisiyaların cəlb edilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanla türk dünyası ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi nəqliyyat, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın güclənməsinə də şərait yaradır.
Beləliklə, Azərbaycanın türk və İslam dünyasında birləşdirici rolu həm tarixi və mədəni bağlarla, həm də bu gün həyata keçirilən konkret siyasi və iqtisadi əməkdaşlıqla tamamlanır. Bakıda keçirilən bu toplantı da həmin həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha bir nümunəsi kimi diqqət çəkir".