Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanı bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu bildirdi. İndiyə qədər müxtəlif yerlərdə bir neçə dəfə səmərəli görüşlər keçirdiklərini deyən dövlətimizin başçısı bunun da ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını diqqətə çatdırdı. “Çexiya bizim üçün strateji tərəfdaşdır”, deyən Prezident İlham Əliyev qeyd etdi ki, həm Çexiya, həm də Azərbaycan ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edir.
Səfər zamanı əməkdaşlığa dair yeni layihələrlə bağlı müzakirələrin aparıldığını deyən dövlətimizin başçısı onların reallaşacağı təqdirdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artacağını diqqətə çatdırdı. Prezident İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin buna daha da təkan verəcəyini bildirdi. Dövlətimizin başçısı səfər çərçivəsində strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətindən danışdı, onun ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyini bildirdi.
Çex Respublikasının Prezidenti Miloş Zeman Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını dedi. O, Azərbaycan dövlətinin başçısı ilə hər bir görüşünün qarşılıqlı anlaşma şəraitində keçdiyini vurğuladı. Çex Respublikasının Prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərin uğurla keçdiyini diqqətə çatdırdı. O, Azərbaycanda müdrikliklə idarə olunan güclü dövlətin bərqərar olmasını, sabitliyin və inkişafın hökm sürməsini yüksək qiymətləndirdi.
17:57
Sentyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb.
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini xanım Yaroslava Beneş Şpalkova imzaladılar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
16:10
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
15:42
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verdi.
Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.