"Gürcüstan və Azərbaycan arasında dostluq və sıx əməkdaşlıq modeli nümunədir, çünki o, etimada, qarşılıqlı hörmətə, bərabərliyə və ölkələrin milli maraqlarının nəzərə alınmasına əsaslanıb".
Oxu.Az xəbər verir ki, bunu Gürcütan Prezidenti Mixail Kavelaşvili sosial şəbəkə hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən bəhs edərək yazıb.
"Biz ölkələr arasında dostluq, tərəfdaşlıq və iqtisadi münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi perspektivlərini müzakirə etdik. Görüşdə mən bir daha Azərbaycan tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdim. Mən həmçinin qeyd etdim ki, Gürcüstan Cənubi Qafqazda uzunmüddətli, davamlı sülh və sabitliyin təsis edilməsində sadiqdir", - deyə o bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Oxu.Az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.
Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub.
Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb.
Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər.
Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin, Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb.
Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb.
Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.









Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcü həmkarı Maka Boçorişvili arasında ikitərəfli görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.