Türkiyədə hakimiyyətdə hansı partiya olursa-olsun, Azərbaycan Türkiyə üçün qardaş ölkə olaraq qalır. Azərbaycanın problemləri bizim problemlərimizdir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, partiyanın mətbuat katibi Haluk Koç bildirib.
Onun sözlərinə görə, bu ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Kabinetində sədrlik edəcək və bu fakt Türkiyə üçün də qürurvericidir.
Türkiyədə baş verən korrupsiya qalmaqalının ölkədəki vəziyyətə nə dərəcədə təsir etdiyi barədə sualı cavablandıran H.Koç bildirib ki, orta təbəqəli türk vətəndaşının maddi vəziyyətinə bu ciddi təsir edib:
“İndi isə hakimiyyətdə olan elitanın vəziyyətinə baxın. Onların evlərində ölkədə çiçəklənən korrupsiya sayəsində əldə edilmiş külli miqdarda vəsaitlər tapılır. İndi də hakimiyyət çalışır ki, bu qalmaqal tezliklə yaddaşlardan silinsin, amma bu mümkündürmü? Hakimləri dəyişdirmək, prokurorları işdən qovmaq, qanunlara dəyişikliklər etmək olar, lakin xalq baş verənləri unudacaqmı? İndi baş nazir Ərdoğan məhkəmə prosesinə müdaxilə etməməlidir. Biz qanunun söz sahibi olacağı Türkiyədə yaşamaq istəyirik”.