NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibə verib.
Müsahibə zamanı deputat ötən ayın sonlarında Gürcüstan paytaxtında NATO PA-nın növbəti seminarında iştirakı barədə məlumat verib.
Onun sözlərinə görə, bu, NATO PA-nın 83-cü “Rouz-Ross” seminarı idi.
“Azərbaycan nümayəndə heyəti iki nəfərdən ibarət idi - deputat Məlahət İbrahimqızı və mən. Seminarın mövzusu Cənubi Qafqazda təhlükəsizlik, regionda demokratik vəziyyət, vətəndaş institutlarının inkişafı, regional iqtisadi inkişaf və ən əsası, Cənubi Qafqazın avroatlantik məkana inteqrasiyası idi”.
Seminarda ermənilərin iştirakına toxunan deputat bildirib ki, orada hətta onların müdafiə nazirinin müavini də iştirak edib:
“Amma onlardan fərqli olaraq, bizdən rəsmi şəxs yox idi, yalnız biz deputatlar idik. Bütün bu iradlara rəğmən, seminarda bir xristian həmrəyliyi müşahidə olunurdu. Ümumiyyətlə, Türkiyəni çıxmaq şərtilə NATO bir xristian klubudur və həmişə də bu, müşahidə olunur. NATO-nun bu seminarında olduğu kimi, həmişə burada Türkiyədən olan deputatların varlığı hiss olunmur. Mən 7 ildir NATO PA-nın müxtəlif seminarlarında iştirak edirəm, həmişə Türkiyədən olan deputatların lal-dinməz iştirakını görmüşəm. Hətta Türkiyənin özünə toxunan məsələlərdə də susurlar. Elə bu seminarda da ermənilər Türkiyənin əleyhinə iddialar səsləndirsələr də, türklər dinmədilər. Digər xristian nümayəndələrə gəldikdə isə, bizim söylədiklərimiz tək erməniləri yox, elə onları da qıcıqlandırırdı. Ona görə də bir çox hallarda mənim çıxışımı kəsirdilər.
Ümumiyyətlə, bütün bunları ona görə deyirəm ki, üzdə dostluqlarını bizə bildirsələr də, belə prinsipial məsələlərdə öz mövqelərini ortaya qoymaq əvəzinə, bizə bu mövzuda danışmağa imkan vermirlər. Hər yerdə belə edirlər. Ona görə də deməyim odur ki, bizim bu məsələdə Avropadan dəstək gözləməyimizə dəyməz. Düzdür, orada İtaliyadan və Polşadan olan deputatlar mənim fikirlərimdən sonra çıxış edərək bildirdilər ki, bəlkə həqiqətən bu konfliktin həlli üçün Ermənistanla yox, Rusiya ilə oturub danışmaq lazımdır? Ona görə də demək olmaz ki, NATO PA-da hamı vicdanını itirib. İtirməyənlər də var. Amma əksəriyyət söylədiyim kimi, erməni simpatiyası nümayiş etdirir, erməni diasporları ilə alış-verişləri var və s...
Ona görə də bu tipli tədbirlərdən sonra əmin oluram ki, yeganə yolumuz güclü və böyük dövlət qurmaqdır. Çünki bu seminar da göstərdi ki, bizə kimsə dəstək vermir.
Hətta seminarda məni dəhşətə gətirən o oldu ki, gürcü deputatlar da ermənilərə öz simpatiyalarını gizlətmirdilər. Çox maraqlı idi ki, bütün nümayəndə heyətlərinin mənsub olduqları dövlətlərin səfirləri, səfirlik nümayəndələri bu tədbirdə iştirak etdiyi halda, bizim masada səfirimiz üçün ayrılan masa boş idi. Hansı ki orada qeyd elədiklərim kimi Azərbaycan üçün əhəmiyyətli diskussiyalar gedirdi...”
www.apa.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin