"Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam etmiş müharibə, həmçinin bu çərçivədə rəsmi İrəvanın ölkəmizə, vətəndaşlarımıza qarşı törətdiyi çoxsaylı cinayətlər fonunda xalqlar və dövlətlər arasında sülh vacibdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ermənistan vətəndaş cəmiyyəti nümayəndə heyətinin Azərbaycana səfərini şərh edərkən deyib.
Deputat qeyd edib ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda sülh səylərinə start verilib:
"Sərhədlərin delimitasiya və demarkasiyası, hava məkanlarının açılması, Azərbaycan üzərindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də Vaşinqtonda iki ölkə arasında sülh və münasibətlərin bərpası barədə sazişin paraflanması siyasi-diplomatik səviyyədə müəyyən etimad yaradıb. Lakin xalqlar arasında qarşılıqlı etimadın formalaşması zaman tələb edir və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının daha aktiv iştirakı zəruridir. Bu mənada bir müddət əvvəl Azərbaycan vətəndaş cəmiyyəti institutları nümayəndələrinin İrəvana getməsi, ardınca Ermənistandan eyni qaydada Bakıya səfərin təşkil olunması həm qarşılıqlı etimad mühitinin yaranmasına, həm də sülh prosesi istiqamətində siyasi gedişlərin davamlılığına müsbət təsir göstərməsi qaçılmazdır".
Politoloq İlqar Vəlizadə isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında Bakıda keçirilən görüş iki ölkə arasındakı sülh prosesinə böyük töhfə verəcək.
O əlavə edib ki, qarşıdakı dövrlərdə hər iki ölkənin media və ictimaiyyət nümayəndələri arasında da dialoqlar mümkündür:
"Bu görüşlər vacib təşəbbüsün davamıdır. Təbii ki, belə təmaslar mütləqdir. Çünki hər iki ölkəyə dialoq lazımdır. Normallaşma prosesindən danışırıqsa, ünsiyyət yaranmalı və bu fonda uzun illər Ermənistan cəmiyyətində formalaşmış, ölkəmizə qarşı mövcud olan neqativ fikirlərin təsiri azaldılmalıdır. Münaqişə dövründə də müxtəlif təsisatlar bu tip görüşlər təşkil ediblər. Amma onların heç birinin əhəmiyyəti olmayıb. Çünki əsas məqsədləri münaqişəni ikinci plana atmaq idi. Bu istiqamətdə layihələr həyata keçirir, maliyyə ayırırdılar. Azərbaycanı düşdüyü vəziyyətlə barışmağa məcbur edirdilər. Hətta torpaqlarımız işğaldan azad olunduqdan sonra Avropa İttifaqı (Aİ) və digər qurumlar yenidənqurma siyasətinə dəstək göstərmədilər. Onlar yalnız minatəmizləmə prosesinə maliyyə ayırmaq təşəbbüsü ilə çıxış etdilər ki, bu da gecikmiş addımdır. Sözügedən qurum genişmiqyaslı layihələrə dəstək göstərmir. Bunun əvəzində Ermənistana böyük həcmdə maliyyə ayırırlar. Rəsmi Bakı isə Aİ-nin ədalətsiz mövqeyi ilə bağlı çağırışlar edib, bəyanatlar səsləndirib. Hər bir halda Azərbaycanın Aİ ilə strateji əlaqələri var və üzv dövlətlərlə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Qurumun müxtəlif səviyyəli rəsmiləri ölkəmizə gələrək danışıqlar aparırlar. Ölkəmiz hər zaman əməkdaşlığa açıqdır".
Aqil Vəlili