"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə təşkilata tamhüquqlu üzv seçilməsi ölkə diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir".
Bunu Oxu.Az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.
"Mərkəzi Asiya regionu ilə Azərbaycanı tarix, din, mədəniyyət kimi əlaqələr bir-birinə sıx bağlayır. Son zamanlar Qərb ölkələrinin Mərkəzi Asiyanın təbii sərvətlərinə marağı artıb və bu kontekstdə layihələrin icrası Azərbaycanın nəqliyyat-logistika imkanlarından asılıdır. Prezident İlham Əliyev daha əvvəl Qazaxıstan və Tacikistanda keçirilmiş görüşlərdə həmin ölkələrin dövlət başçılarının dəvəti ilə müşahidəçi qismində iştirak etmişdi. Ölkəmiz Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını coğrafi baxımdan birləşdirir və Avropaya çıxış üçün açar rolunu oynayır", - deyə o bildirib.
"Ümumilikdə isə son dövrlərdə Qərbin Mərkəzi Asiyanın təbii sərvətlərinə marağı artıb. Bu istiqamətdə "ABŞ + Mərkəzi Asiya", "Avropa İttifaqı (Aİ) + Mərkəzi Asiya" formatlarında görüşlər keçirilib, qarşılıqlı sərmayələrin qoyulması haqqında razılıqlar əldə olunub. Onu da qeyd etmək lazımdır ki, sözügedən layihələrin icrası Azərbaycanın nəqliyyat-logistika imkanlarından asılıdır. İqtisadiyyatının mühüm hissəsi Rusiya və Çinə bağlı olan Mərkəzi Asiya dövlətləri üçün Qərb bazarına çıxışın əldə edilməsi olduqca vacibdir. Bu, Azərbaycanla əməkdaşlıq və iqtisadiyyatın şaxələndirilməsi üçün imkanlar yaradır və son dərəcə əhəmiyyətlidir. Çünki bu, ənənəvi marşrutlardan asılılığı azaldır".
Aqil Vəlili