"Cinayət törətmiş və ya şahid qismində dindirilən uşaqlarla bağlı psixoloqların cəlb olunması çox müsbət haldır. Uşaq istər cinayət törətmiş olsun, istərsə də olmasın, o yenə də uşaqdır və ona münasibət də məhz bu prinsip əsasında qurulmalıdır. Uşaq hüquqlarının müdafiəsi baxımından psixoloqların cəlb olunmasını müsbət addım kimi qiymətləndirirəm. Amma mən daha əvvəl də təklif etmişdim və yenə qeyd etmək istəyirəm ki, uşaq müstəntiqlərinin qadın olması daha məqsədəuyğun olardı".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Sevil Mikayılova deyib.
Onun qənaətinə görə, uşaqların yaş xüsusiyyətlərini nəzərə alsaq, istər 0-3, istər 3-7, istərsə də yeniyetməlik yaşına çatmayan dövrlərdə bu kateqoriyadan olan uşaqlarla işləyərkən qadın müstəntiqlərin iştirakı daha uyğun və həssas yanaşmanı təmin edə bilər:
"Yeniyetməlik yaşına çatmayanlar arasında da cinayət törətmiş uşaqlar olur və bu uşaqlara münasibətdə qadın müstəntiqlərin olması vacib məsələ kimi nəzərdən keçirilməlidir".
Mərahim Nəsib