Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi ölkədə cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır.
Bunu Oxu.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə ölkə prezidenti İlham Əliyevin məlum sərəncamına münasibətini bildirərkən deyib.
“Nəzərə alaq ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir”, - deyən millət vəkilinin sözlərinə görə, odur ki, Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə təşkil etməklə, müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir:

“Prezident seçkilərinin vaxtını əvvələ çəkməklə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək. Eyni zamanda, prezident seçkiləri ölkə Konstitusiyasında nəzərdə tutulduğu kimi, bu ilin oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel şəkildə bir neçə istiqamətdə fəaliyyət göstərməli olacaqdı.
İndiki situasiyada seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Bununla yanaşı, Cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq.
Bir sözlə, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti növbədənkənar seçkiləri də digər seçkilər kimi, lazımi qaydada, demokratik və ədalətli şəkildə keçirəcək, Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək”, - deyə A. Mirzəzadə sözlərinə əlavə edib.
Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da ölkə prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilməsini müsbət qarşıladığını deyib:

“Bu, çox məntiqli və düzgün qərardır. Bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəb yoxdur.
Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, “bulanıq suda balıqtutma” sevdasına düşməkdədirlər.
Qeyd etdiyim kimi, bunlara heç bir səbəb və əsas yoxdur. Həmin qüvvələr, şəxslər, sadəcə, hər zaman və elə indi də aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu cəhdlər əbəsdir, faydasızdır. Azərbaycan cəmiyyəti kifayət qədər müdrik və yetkindir, onu artıq nə iləsə aldatmaq olmaz.
Azərbaycan insanı, Azərbaycan vətəndaşı ağı qaradan seçməyi yaxşı bacarır və bu baxımdan, ölkə prezidentinin məlum sərəncamını müsbət, yüksək qiymətləndirir. Bir çox siyasi həmfikirlərimin, partiyadaşlarımın və deputat həmkarlarımın da qeyd etdikləri kimi, bu il Azərbaycanda çox vacib və əhəmiyyətli tədbirlər keçiriləcək.
“Cümhuriyyət ili” ilə bağlı həm parlament, həm də dövlət səviyyəsində çox mühüm tədbirlərin keçirilməsi gözlənilir və bunlar vaxtlı-vaxtında keçiriləcək. Belə olan təqdirdə, prezident seçkilərinin önə çəkilməsi çox məntiqli və normal haldır.
Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkilərini də beynəlxalq standartlara uyğun şəkildə keçirərək, “Cümhuriyyəti ili”nə töhfəsini vermiş olacaq. Opponentlərimiz narahat olmasınlar, yəni, sosial şəbəkələrdə, isti kabinetlərində oturub, seçkilərlə bağlı reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməkdənsə, bu vacib prosesə kölgə salmaqdansa, seçkilərə hazırlaşsınlar.
Onsuz da onların cəmiyyətdə nüfuzları, sosial dayaqları yox dərəcəsindədir, Azərbaycan cəmiyyəti seçimini çoxdan edib, ancaq yenə də az-çox varlıqlarını, mövcudluqlarını davam etdirmək istəyirlərsə, siyasi boşboğazlıqdan əl çəkib, seçkilərlə bağlı hazırlıqlara başlasınlar...”, - deyə E. Səlimov qeyd edib.
“Ölkə prezidenti, YAP sədri cənab İlham Əliyevin sərəncamını çox yüksək qiymətləndirirəm, onun hər bir qərarı kimi, bu qərarı da hakim partiyanın üzvləri tərəfindən birmənalı şəkildə qəbul olunur, dəstəklənir. Burada ikinci bir söz, başqa mövqe ola bilməz”.
Bunu isə YAP Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Hadi Rəcəbli deyib.

“Mən Yeni Azərbaycan Partiyasının ali qurumunda, Siyasi Şurada təmsil olunuram. Bizim YAP olaraq, prezidentliyə bir namizədimiz var ki, o da sədrimiz cənab İlham Əliyevdir. Bu qərar da elə-belə verilməyib. İstər cəmiyyətimizdə, istər dünyamızda çox önəmli hadisələr, proseslər yaşanır.
Cənab prezident həmin hadisələrə və proseslərə uyğun, adekvat addımlar atır və son sərəncam da məhz bu məntiqdən irəli gəlir. Burada indi başqa nəsə axtarmağa ehtiyac yoxdur və ölkə prezidentinin bütün addmları kimi, bu addımı, bu sərəncamı da hər birimiz, 710 minlik YAP ordusu tərəfindən çox yüksək qiymətləndirilir, birmənalı qəbul və təqdir olunur”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az