ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni özünün "Truth Social" hesabında paylaşıb.
Oxu.Az xəbər verir ki, məqalə "Breitbart News"un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb və İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əhatə edir.
Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, həmçinin əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb.
Qeyd edək ki, iyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu baş tutub. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etdiyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.
