Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır.
Oxu.Az-ın məlumatına görə, bunu Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində deyib.
“Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət bunun bariz nümunəsi və sübutu qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal mövqe tuturlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar,” o bildirib.
Əli Əhmədovun sözlərinə görə, bu qüvvələr Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran səhflər etmiş olurlar.
“Bütün bunların nəticəsidir ki, son zamanlar radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır. Əslində, bu partiyaların sıralarında olmuş adamların kütləvi istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır. Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, əksinə, kəskin şəkildə öz etirazını bildirir,” – o deyib.
Baş nazirinin müavini bildirib ki, bütövlükdə, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur.
“Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikalllığa, aqressivliyə yer yoxdur,” – o vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, radikal qüvvələrin neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur.